Qırmızı qəsəbə orta məktəbində azərbaycanlıların soyqırımı qurbanları yad edilib
Bakı, 1 aprel, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Yəhudi Xəbərlər Agentliyi (YXA) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş material dərc edib.
materialda deyilir ki, Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbə orta məktəbinin kollektivi XX əsrin əvvəlində respublika ərazisində aparılmış etnik təmizləmələrin qurbanlarını yad edib.
Dərslər başlamamış məktəbin həyətində Azərbaycanın dövlət bayrağı endirilib, şagirdlər, müəllimlər, 1918-ci ildə Bakıda, Şamaxıda, Xaçmazda, Qubada, Muğanda, Qarabağda, Zəngəzurda və başqa yerlərdə öldürülmüş azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Sonra məktəbin akt zalında Azərbaycan xalqının tarixində faciəvi səhifələrə həsr olunmuş musiqili-ədəbi kompozisiya göstərilib, bütün siniflərdə anım dərsləri keçirilib.
Qırmızı qəsəbə orta məktəbinin direktoru Yauşva Simanduyev Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində deyib: “Səhər saat 10-da IX, X və XI siniflərin şagirdləri, müəllimlər və məktəbin rəhbərliyi Qubada çayın sahilində, soyqırımı qurbanlarının kütləvi dəfn olunduqları yerdə ucaldılmış Xatirə kompleksinin qarşısına gəlib, kompleksin önünə çiçəklər düzüb, şəhidləri bir dəqiqəlik sükutla yad edib...”.
Qubanın televiziya şirkəti memorialın qarşısında Azərbaycan xalqının soyqırımı qurbanlarının xatirəsinə Qırmızı qəsəbə orta məktəbi kollektivinin keçirdiyi anım mərasimindən reportaj hazırlayıb. Yauşva Simanduyev deyib: “Televiziyada çıxışımda qeyd etdim ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilmiş zorakılığa siyasi qiymət verməlidir. Yalnız dünya xalqlarına çatdırılan tarixi həqiqət 1918-ci ildə Azərbaycan xalqına və Şoa illərində yəhudi xalqına qarşı törədilmiş soyqırımları kimi faciələrin qarşısıni almağa imkan verər”.