Qış süfrələrinin bəzəyi: Culfada noxud ləpəsi necə hazırlanır?
Naxçıvan, 28 avqust, AZƏRTAC
Culfa rayonunda qış tədarükü ilə bağlı qədim ənənələr arasında noxud ləpəsinin hazırlanması özünəməxsus yer tutur. Nəsildən-nəslə ötürülən bu üsul yalnız ərzağın uzun müddət saxlanılması üçün hazırlanması deyil, həm də bölgə sakinlərinin zəhmətə, təbii imkanlara və məişət təcrübəsinə əsaslanan həyat tərzinin göstəricisidir. Əsrlər boyu qış aylarında süfrələrin əsas nemətlərindən biri olan noxud ləpəsi bu gün də Culfa mətbəxində öz yerini qoruyur.
Culfa şəhər sakini, bu ənənəni qoruyub yaşadan Mətanət Zeynalova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, noxud ləpəsinin hazırlanması bir neçə mərhələdən ibarətdir və hər mərhələ xüsusi zəhmət tələb edir: “Əvvəlcə noxud təmizlənir, yad qarışıqlardan ayrılır və bir gün müddətində suda saxlanılır. Ertəsi gün yumşalmış noxud yələn üzərinə sərilərək isti havada bir neçə gün qurudulur. Tam quruduqdan sonra yerə sərilir və noxudların üzərindən yastı çay daşı sürtülür. Bununla da noxudların qabığı ayrılır, dənlər iki yerə bölünərək ləpə halına düşür. Hazırlanma prosesinin son mərhələsi isə “əfsəmə” adlanır. Qabıqla ləpə qarışıq halda küləkli havada təmizlənir. Külək yüngül noxud qabıqlarını kənarlaşdırır. Beləliklə, ləpə qabıqdan ayrılaraq istifadəyə hazır vəziyyətə gətirilir”.
Mətanət Zeynalovanın sözlərinə görə, Culfanın bəzi kəndlərində noxud ləpəsi “mığəşər” adı ilə də tanınır. Əvvəllər qış tədarükünün vacib hissəsi hesab olunan bu ərzaqdan müxtəlif xörəklərin hazırlanmasında geniş istifadə edilib. Xüsusilə qovurma və yumurta ilə hazırlanan yeməklərdə, eləcə də müxtəlif şorbalarda noxud ləpəsinə üstünlük verilib. Beləliklə, həm qidalılığı, həm də uzun müddət saxlanıla bilməsi onu soyuq aylarda ailələrin süfrəsində əvəzolunmaz ərzaqlardan birinə çevirib.
“Bu ənənənin özünəməxsus cəhətlərindən biri də noxudun hazırlanması zamanı mürəkkəb və müasir avadanlıqlardan deyil, təbii şəraitdən və sadə məişət vasitələrindən istifadə olunmasıdır”, – deyə Mətanət Zeynalova əlavə edir.
Noxud ləpəsinin hazırlanması həm də keçmişdə insanların qışa necə hazırlaşdığını göstərən nümunələrdəndir. İlin isti aylarında görülən bu iş ailələrin soyuq mövsüm üçün ərzaq ehtiyatı yaratmasına imkan verib. Ənənənin bu günədək qorunub saxlanılması isə Culfa sakinlərinin qədim məişət vərdişlərinə və milli mətbəx mədəniyyətinə bağlılığını nümayiş etdirir.
Müxbir- Nail Əsgərov