QİYMƏTLİ KAĞIZLAR BAZARI SÜRƏTLƏ İNKİŞAF EDİR
Hesabat dövründə Beynəlxalq Bankın (50 milyard manat) və Birləşmiş Universal Səhmdar Kommersiya Bankının (40 milyard manat) səhm buraxılışlarının, habelə Rabitəbank SKB-nın konvertasiya edilən səhmlərinin (10,4 milyard manat) QKDK tərəfindən qeydiyyata alındığı barədə məlumat verən Heydər Babayev demişdir ki, səhm buraxılışlarının ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 89,7 faiz artmışdır.
Milli Depozit Mərkəzi tərəfindən 130,1 milyard manatlıq 3191 səhmin alqı-satqısı üzrə əqdlərin qeydə alındığını bildirən natiq demişdir ki, ötən ilin 6 ayı ilə müqayisədə qiymətli kağızlarla bağlanmış əqdlərin sayı 1,38 dəfə artmışdır.
Heydər Babayevin sözlərinə görə, tədavül müddəti bitmiş dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə ümumi məbləği 145 milyard manat olan ödənişlərin müqabilində yerləşdirilmiş DQİ-in nominal üzrə ümumi məbləği 60 milyard manat təşkil etmişdir.
İxtisas şəhadətnaməsi almaq üçün QKDK-yə müraciət edənlərdən 53 nəfərin attestasiyaya buraxıldığını deyən komitə sədrinin sözlərinə görə, 15 broker,10 diler, 8 depozitar, 5 qiymətli kağızların sahiblərinin reyestrinin aparılması və 3 klirinq peşəkar fəaliyyət növü üzrə ixtisas şəhadətnamələri verilmişdir. Bundan başqa, komitə tərəfindən qiymətli kağızlar bazarında peşəkar fəaliyyət üçün hüquqi şəxslərə verilmiş 25 lisenziya qüvvədədir.
Qiymətli kağızlar bazarını inkişaf etdirmək üçün görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışan natiq axırda jurnalistlərin suallarını cavablandırmışdır.