QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİNDƏ AZƏRBAYCANIN ƏHƏMİYYƏTİ BÖYÜKDÜR
Qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən nazir, səfirin ölkələrimiz üçün əhəmiyyətli bir dövrdə öz missiyasına başladığını xüsusi vurğulamışdır. E.Məmmədyarov bu yaxınlarda Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini diqqətə çatdıraraq, tezliklə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışının olacağını, bununla da ABŞ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün geniş perspektivlərin yaranacağını bildirmişdir.
Səfir A.Ders qlobal enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əhəmiyyətli rolunu xüsusi vurğulamışdır. Ölkəmizin regional nüfuz mərkəzinə çevrilməsini algışlayan səfir, irimiqyaslı enerji layihələrində əsas iştirakçı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir. O, həmçinin Azərbaycan və ABŞ arasında neft sektorundan əlavə, digər sahələrdə də iqtisadi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Azərbaycanın Dünya Ticarət Təşkilatına inteqrasiyasının ölkədə institusional strukturun inkişafına təkan verəcəyini qeyd edən amerikalı diplomat, qeyri-neft bölməsinin, xüsusilə kənd təsərrüfatı, informasiya texnologiyaları, aqrobiznesin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
E.Məmmədyarov Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyaya böyük önəm verdiyini, bu prosesin ölkədə bir sıra istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə islahatlara, inkişafa səbəb olacağını bildirmişdir.
Xanım A.Ders terrorizmə qarşı qlobal mübarizədə Azərbaycanın iştirakını yüksək qiymətləndirərək, İraqda və Əfqanıstanda sülhün təmin edilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirmiş, eyni zamanda ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini vacib saymışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara toxunan nazir, münaqişənin mərhələli həllinin vacibliyini qeyd etmiş, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən öncə işğal olunmuş ərazilərin azad edilməsinin, habelə qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının zəruriliyini diqqətə çatdırmışdır.
Sonda E.Məmmədyarov səfir A.Dersin etimadnaməsinin surətini qəbul edərək, ona fəaliyyətində uğurlar arzulamışdır.