Qobustanda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkar edilib
Bakı, 3 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qobustan şəhəri, Yeni massiv adlanan ərazidə hüquqi şəxs “Docta” MMC-yə məxsus aptekdə yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Satışı həyata keçirilən bioloji aktiv qida məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin təqdim edilmədiyi, “Bilge İlaç A.Ş” şirkətinə məxsus “Black Seed Oil” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun idxal sağlamlıq aktı olmadan satışının həyata keçirildiyi, bəzi bioloji aktiv qida məhsullarının üzərində və içlik vərəqələrində digər dillərlə yanaşı Azərbaycan dilində zəruri məlumatların göstərilmədiyi müəyyən olunub.
Aşkarlanmış faktlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.