Qobustanda şəhidin doğum günü məzarı yanında qeyd olunub
Qobustan, 8 iyul, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Qobustan şəhər sakini Sərxan Eldar oğlu Hacıyevin doğum günü şəhidin məzarı yanında qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidin şərəfli həyat yolundan danışılıb. Qeyd edilib ki, Sərxan Hacıyev 1990-cı il iyulun 8-də Qobustan şəhərində anadan olub. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb. Təəssüf ki, döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlarda ötən ilin sentyabrın 27-də başlanan və qırx dörd gün davam edən Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edilib, Sərxan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.
Şəhidin atası Eldar Hacıyev dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razılıq edib, Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.