CƏMİYYƏT
Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib
![Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib](/files/2023/3/1200x630/16971978113600214556_1200x630.jpeg)
Bakı, 13 oktyabr, AZƏRTAC
İyunun 18-də 1983-cü il təvəllüdlü Bayram Bayramovun öldürülməsi faktı üzrə Cəbrayıl Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ibtidai istintaqla 1970-ci il təvəllüdlü Fəxrəddin Həsənovun qeyd edilən tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədəki çayxanada qonşusu Bayram Bayramovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, eləcə də arvadı Nəcibə Həsənovanı adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsinə və digər cinayətlər törətməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fəxrəddin Həsənova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 145.3-cü (silah kimi istifadə edilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək ağır nəticələrə səbəb olan adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və digər maddələri ilə yekun ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.