Qrant Baqratyan Nürnberq tribunalını Ermənistan parlamenti ilə əvəz etmək xülyasına düşüb
Berlin, 25 mart, AZƏRTAC
Ermənistan parlamentinin deputatı, sabiq baş nazir Qrant Baqratyan Holokostun tanınması haqqında qətnamə layihəsini bu ölkənin qanunverici orqanının müzakirəsinə çıxarıb. Deputat qərarını KİV-lərə bu şəkildə izah edib: “Bəziləri deyirlər ki, İsrail “erməni soyqırımı”nı tanımayana qədər biz də Holokostu tanımamalıyıq. Mən isə belə düşünürəm ki, bu, hərrac mövzusu deyil”.
Ermənistanlı deputat başa düşə bilmədi ki, soyqırımıların tanınması, yaxud tanınmaması məsələsi parlamentlərin, meriyaların, bələdiyyələrin və ya ictimai təşkilatların səlahiyyətində deyil. Ermənistanın qanunverici orqanının bu qətnaməni qəbul etməsi Holokost faktını növbəti dəfə təsdiq etməyəcək. Eləcə də əgər birdən Ermənistan parlamenti bu qətnaməni qəbul etməkdən boyun qaçırsa belə, Holokost elə fakt olaraq qalacaq.
Digər soyqırımılar kimi, Holokostun tanınması da parlamentlərin divarları arasında baş vermir, beynəlxalq tribunalın müvafiq qərar çıxarması vasitəsilə həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu yaxınlarda “Perinçek İsveçrəyə qarşı” işi üzrə qəbul etdiyi qərarda həmin şərt qeyd edilib. Holokost faktı Nürnberqdə qanuni qüvvəyə minib və onun əlavə təsdiqə ehtiyacı yoxdur. Elə Üçüncü Reyxdə qaraçıların, Ruandada tutsi xalqının və keçmiş Yuqoslaviyada Bosniya müsəlmanlarının soyqırımıları da bu qəbildən tarixi faktdır.
Ermənilərə və onların qondarma “2015-ci il soyqırımı”na gəldikdə isə hətta dünyanın bütün ölkələrinin hər səviyyədən olan deputatları onun tanınması haqqında qətnamələrə 10 dəfə səs versələr belə, beynəlxalq tribunalın qərarı olmadığı üçün o, fakta çevrilməyəcək.
Odur ki, zənnimcə, Qrant Baqratyan daha çox primitiv yaltaqlığı xatırladan bu səfeh qanunverici təşəbbüsü ilə dünya birliyini ancaq güldürə bilər. Ermənistan parlamentinin bu qətnaməni qəbul edib-etməməsi İsrailin əsla vecinə deyil. Eləcə də qondarma “erməni soyqırımı”nın tanınması haqqında müxtəlif ölkələrin parlamentlərinin heç bir qanuni qüvvəsi olmayan qətnamələrinin Türkiyə üçün heç bir isti-soyuğu yoxdur. Bu qətnamələr sayəsində nə Holokost tarixi fakt kimi inkar ediləcək, nə də “erməni soyqırımı” belə bir fakta çevriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin