QRİNPİS RUSİYANI ABŞ-DAN DÜYÜ İDXALINI DAYANDIRMAĞA ÇAĞIRIR
Transgen düyünün aşkara çıxarılması faktını bundan əvvəl ABŞ hökumətinin özü də elan etmişdi. Hazırda ABŞ Kənd Təsərrüfatı Nazirliyi keçən il Arkanzas və Missuri ştatlarında becərilmiş çəltik məhsullarını axtarmaqdadır. Yoxlamadan keçirilməyən modifikasiyalı genlər məhz bu düyünün tərkibindədir.
Qrinpis bildirir ki, Rusiya ABŞ düyüsünün əsas idxalçısı olmasa da, hər il ölkəyə Amerika istehsallı 10 min tondan çox düyü və düyü məhsulu gətirilir. Rusiyada genetik cəhətdən modifikasiya edilmiş (GM) məhsullara nəzarət qoyulmadığı və belə məhsulların və xammalın gömrükdən markalanmadan keçdiyi nəzərə alınarsa, onda məlum olar ki, yoxlanılmayan və sağlamlıq üçün təhlükəli transgen düyü məhsulları istehlakının riski kifayət qədər yüksəkdir.
Avropa Komissiyası ABŞ-dan transgen düyü barədə təcili olaraq əlavə məlumat verməyi tələb etmişdir (Avropa ABŞ-dan ən iri düyü idxalçılarından biridir).
Avqustun 20-də Yaponiya da ABŞ-dan düyü idxalını dayandırmışdır. Bundan başqa, Yaponiya Səhiyyə Nazirliyi ABŞ rəhbərliyindən tələb etmişdir ki, GM düyüsünün ölkə bazarına göndərilməsinin qarşısını almaq üçün tədbirlər görsün.
GM komponentləri uşaq qidasında da aşkarlanmışdır. Rusiya Genetik Təhlükəsizlik Assosiasiyasının molekulyar analiz laboratoriyasında apardığı tədqiqatların nəticələri bir çox məşhur Qərb firmalarının istehsal etdikləri uşaq qidasının tərkibində genetik modifikasiyalı mənbələr olduğunu göstərmişdir. Təəccüblüdür ki, “qara siyahı”ya düşən bir sıra şirkətlər məhsullarının üstündə “GM komponentləri yoxdur” sözləri yazırlar. Transgenlərin əleyhdarları xəbərdarlıq edirlər ki, etiket çox vaxt həqiqətə uyğun olmaya bilər. Onlar, ilk növbədə, tərkibində soya komponentləri olan uşaq qidasını almamağı məsləhət görürlər.