Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
Quba, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 5-dən başlayaraq Quba rayonunda yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azadlıq və bahar mənasını verən Pesax bayramı dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə 8 gün davam edir.
Təntənəli şəkildə keçirilən bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər.
Pesax yəhudilərin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Muxailov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Pesax bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz quru çörəkdən - “Matsa”dan istifadə edirlər. Bununla yanaşı, dağ yəhudilərinin bayram süfrəsini qoz, şabalıd və almadan hazırlanan həsürüt yeməyi də bəzəyir.
Bayram günlərində hamı bir-birini qonaq çağırır. Pesaxın zəruri şərtlərindən biri də budur ki, bütün imkansızlar, habelə bayramı öz ailəsi ilə birgə qeyd edə bilməyənlər yemək süfrəsinə dəvət olunmalıdır. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür.
Qubadakı Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin də müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri ənənəyə çevrilib.
Pesax bayramı aprelin 13-dək davam edəcək.