Qubadlı musiqi məktəbinin kollektivi şəhid Eltun Əliyevin ailəsini ziyarət edib
Sumqayıt, 26 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi ədalətin və beynəlxalq hüququn təntənəsi kimi tarixə yazıldı. Qələbəmizin böyük, qürurumuzun sonsuz olmasını bizə yaşadan məhz bu xalqın oğulları oldu.
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin kollektivləri şəhid ailələrini unutmur, onları daim diqqətdə saxlayırlar.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin kollektivi şəhid Eltun Əliyevin ailəsini ziyarət edib.
2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olan, Eltun Elnur oğlu Əliyev cəbhənin Tərtər istiqamətində yerləşən hərbi hissələrin birində ön xətdə baş atıcı olaraq xidmət göstərib. 19 yaşlı Eltun Əliyev Füzuli, Cəbrayıl və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 16-da Suqovuşanda düşmən gülləsinə tuş gələrək şəhidlik məqamına ucalıb. Oktyabrın 23-də Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.