Qubadlıda xidmət edən hərbi qulluqçulara bayram sovqatları təqdim olunub
Sumqayıt, 22 mart, Ətrabə Rzayeva, AZERTAC
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Qubadlı rayonunda xidmət göstərən hərbi qulluqçularla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov, Qubadlı şəhər icra nümayəndəsi Ələddin Mirzəyev və Xanlıq kənd icra nümayəndəsi Valeh Rüstəmov iştirak ediblər.
Bildirilib ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Qeyd olunub ki, Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb.
Sonda mənfur düşməndən azad olunmuş Qubadlı rayonunda xidmət göstərən hərbi qulluqçulara Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən 500, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən isə 300 ədəd bayram sovqatı paylanıldı.