Qumar oyunları təşkil edən təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq yekunlaşıb
Bakı, 4 aprel, AZƏRTAC
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı Sərxan Süleymanovun tanışları Təhmin Müslümzadə, Nicat Zülfüqarov, Nüslət Xəlilov və digər şəxslərlə əlbir olaraq cinayətkar niyyətlərini pərdələmək məqsədilə “Topaz” markası adı altında ticarət nümayəndəliyi (agent) barədə müqavilə bağlamaları, bu yolla 2017-2022-ci illər ərzində Bakı şəhəri və Abşeron rayonunda yerləşən bir sıra “Topaz” məntəqələrində ayrıca qumar oyunlarının təşkili nəticəsində 2 milyon 927 min manatdan artıq gəlir əldə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin şəxslərə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) və 244-1.4-cü (xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarını təşkil etmə və keçirmə) maddələri ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.