Qurban Qurbanov: Bütün fikrimi "Neftçi" ilə matça yönəltmişdim
Bakı, 18 dekabr, AZƏRTAC
"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, adətən böyük uğur qazanan zaman oyunçularda arxayınlıq olur: "Lakin bu gün futbolçularımda belə hal müşahidə etmədim. Oyunçularım xarakter göstərdilər və qalib gəldilər".
Avropa Liqasının pley-off mərhələsinin püşkatmasının nəticəsini də dəyərləndirən çalışdırıcı "Braqa"nın ciddi rəqib olduğunu bildirib: "Düzünü desəm, "Braqa" barədə çox məlumatım yoxdur. Bütün fikrimi "Neftçi" ilə matça yönəltmişdim. Portuqaliya klubları avrokuboklara ciddi yanaşırlar. Onları analiz etmək üçün hələ iki ay vaxtımız var".
Q.Qurbanov pley-off-a vəsiqə qazandıqdan sonra "Neftçi"nin sosial şəbəkələr vasitəsilə onları təbrik etməməsinə də münasibət bildirib: "Rəhbərlik səviyyəsində təbrik olub. Burada böyüdüləsi bir şey yoxdur. Hər bir komandamız Azərbaycanı təmsil edir".
Təcrübəli baş məşqçi Azərbaycan Kubokunda MOİK-lə 1/8 final oyununun Xankəndidə keçiriləcəyinə görə xoşbəxt olduğunu söyləyib: “Təəssüratlarım çox yaxşıdır. Oyunu səbirsizliklə gözləyirik. Matçdan sonra hisslərimi daha yaxşı ifadə edə bilərəm. Uğurlu nəticə əldə etmək niyyətindəyik".
O, beynəlxalq arenada yalnız "Qarabağ"ın deyil, digər klubların da uğur qazana biləcəklərini vurğulayıb: "Bu gün biz uğur qazanırıqsa, sabah başqa klublar da bunu edə bilər. Mən heç bir komandanı bir-birindən ayırmaq istəmirəm".
Təcrübəli çalışdırıcı qış toplanışı üçün ölkə xaricinə yollanmamalarının səbəbini də açıqlayıb: "Sıx qrafikə görə hazırlığı ölkə daxilində keçməyi planladıq. İki yoldaşlıq görüşü keçirməyi nəzərdə tutmuşuq. Hələlik heç nə dəqiq deyil".
Zədəli Kevin Medianın durumuna da aydınlıq gətirən baş məşqçi kolumbiyalı müdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağını deyib.