QUŞ QRİPİ HAQQINDA NƏ BİLİRİK?
Quş qripi yoluxucu xəstəlikdir, adi insan qripinin oxşarı olan A tipli qrip virusu ştamlarının birindən əmələ gəlir. Əlamətləri də oxşardır: yüksək hərarət, baş ağrısı, əzginlik, boğaz acışması, öskürək. Bu infeksiya öz fəsadları ilə - virus pnevmoniyasının inkişafı, böyrəklərin, qara ciyərin, qanyaradıcı orqanların zədələnməsi ilə təhlükəlidir. Məhz bu fəsadlar ölümə səbəb olur.
Alimlərin fikrincə, infeksiyanın yayılmasında köçəri quşlar əsas rol oynayır. Məsələn, miqrasiya edən su quşları, xüsusən də, çöl ördəkləri quş qripi virusunun təbii “rezervuarıdır”. Quş qripi virusunun 15 yarımtipi arasında H5N1 virusu Dünya Səhiyyə Təşkilatının nümayəndələrində daha çox narahatlıq doğurur. Bu yüksək patogenli virusdur və insanlar üçün təhlükəlidir. Lakin virusun insandan insana keçməsi halları hələlik məlum deyildir.
İnsanların quş qripinə yoluxmasının ilk təsdiqlənmiş halları 1997-ci ildə Honkonqda baş vermişdir. O vaxt 6 nəfər ölmüşdür. Son iki ildə Cənub-Şərqi Asiyada 120-dən çox adam virusla yoluxmuş və onların yarısı ölmüşdür.
AZƏRTAC xarici tibb nəşrlərinə istinadla xəbər verir ki, alimlər quş qiripinin yarımtiplərindən daha birini aşkarlamışlar. O, sürətlə mutasiya edir və insan qripinin virusu ilə “cütləşə” bilər. H3N2 adlandırılan bu qrip virusundan Cənub-Şərqi Asiyada yüz milyonlarla quş tələf olmuşdur, lakin ən qorxulusu odur ki, virus donuzların populyasiyasına düşmüşdür. 45 adam bu virusa yoluxmuş və onların əksəriyyəti ölmüşdür.
Eyni zamanda, sirkulyasiya edən “insan” və “quş” qripi viruslarının yerdəyişməsi mutasiyaya gətirib çıxara bilər. Mutasiya edən virus isə adamdan adama asanlıqla keçə bilər. Artıq bu halda bəşəriyyət pandemiyanın – dünya miqyaslı epidemiyanın yayılması təhlükəsi ilə üzləşəcəkdir. Rusiya alimlərinin fikrincə, qrip pandemiyasına, çox güman, H3N2 virusunun mutasiyası səbəb olacaqdır.
Alimlər hesablamışlar ki, pandemiyalar yüz ildə təxminən üç-dörd dəfə, virusun yeni yarımtipinin meydana gəldiyi və adamdan adama keçməyə başladığı vaxtlarda yarana bilər. Ehtimala görə, 1918-1919-cu illərdə Avropanı bürüyən “ispanka” qripinə məhz quş qripinin törədicisinə oxşayan virus səbəb olmuşdu. “İspanka”dan sonra 1957-1958-ci və 1968-1969-cu illərdə də pandemiyalar tüğyan etmişdi. Onların hamısına mutant viruslar səbəb olmuşdu.
Dünya epidemiya fəlakəti qarşısındadır. Əgər “quş qripi”nin insan qripinə mutasiyası baş versə, Yer kürəsi əhalisinin 80 faizi qırıla bilər.