“QUŞ QRİPİ” İLƏ ƏLAQƏDAR NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİR
Dövlət Baytarlıq Xidmətinin, səhiyyə, ekologiya və təbii sərvətlər nazirlikləri mütəxəssislərinin iştirakı ilə növbəti monitorinq avqustun 21-dən başlamışdır. Nəzarət milli parklarda, qoruqlarda və köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə həyata keçiriləcəkdir. Eyni zamanda, kəndli həyətlərində və quşçuluq təsərrüfatlarında quşlardan qan nümunələri götürülərək, Respublika Baytarlıq Laboratoriyasında müayinə ediləcəkdir.
Xatırladaq ki, virusdan qorunmaq üçün sərhədlərdə baytarlıq nəzarəti məntəqələri ciddi iş rejiminə keçirilmiş, xəstəlik aşkar olunan ölkələrdən diri quş, quş məhsulları, yem və yem əlavələrinin gətirilməsinə qoyulmuş qadağa qüvvədə saxlanılmışdır. Köçəri quşların ovlanmasına, satılmasına və onlardan qida məhsulu kimi istifadəsinə qoyulmuş qadağa da hələ götürülməmişdir.
İndiyədək aparılmış monitorinqlərin nəticələrinə görə, ölkəmizdə köçəri quşlar və ev quşları arasında “quş qripi”nin daşıyıcısı olan xəstə quşlara rast gəlinməmişdir.
Monitorinq avqustun 25-dək davam edəcəkdir.