Qusarda kəskin hava şəraitinə görə yollara nəzarət gücləndirilib
Qusar, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görürlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin post patrul xidməti bölüyünün əməkdaşları yollarda qalan və köməyə ehtiyacı olan vətəndaşlara köməklik göstərirlər. Sürücülərlə sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.
Həmçinin RPŞ-nin Dövlət Yol Polisi bölməsinin inspektorları tərəfindən rayon ərazisində nəqliyyatın hərəkəti tənzimlənir, qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.