RABİTƏ NAZİRİ BİLƏSUVARDA MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Qəsəbədəki klubda keçirilən görüşdə nazir Ə.Abbasov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş 2004-cü il 1 iyul tarixli fərmanına uyğun olaraq, dövlətimiz tərəfindən qaçqın və məcburi köçkünlərə hər cür şəraitin yaradıldığını, onların iqtisadi və sosial problemlərinin həlli məqsədi ilə ardıcıl tədbirlərin görüldüyünü və rabitəçilərin də bu işdə fəal iştirak etdiyini bildirmişdir.
Çıxış edən Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev yeni qəsəbələrdə məcburi köçkünlərə hər cür şərait yaradıldığını söyləyərək demişdir ki, dövlətimizin başçısı İlham Əliyevin bu qəbildən olan insanların rifahının daha da yaxşılaşdırılması üçün Dövlət Proqramını təsdiq etməsi müvafiq təşkilatların bu işdə fəallığını artırmışdır.
Məcburi köçkünlərin nümayəndələri görüşdə çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin rəhbəri İlham Əliyevə dərin minnətdarlıqlarını, onların problemlərinin həllində yaxından iştirak edən rabitəçilərə isə təşəkkürlərini bildirmişlər.
Rabitəçilər gətirdikləri 57,3 ton unu məcburi köçkünlərə paylamışlar.