Rafael Hüseynov: Jurnalistikanı həm də peşəkar olmayanlardan qorumaq lazımdır
Paris, 6 dekabr, AZƏRTAC
Jurnalistlərin sərbəst peşə fəaliyyəti göstərməsinə yaradılan müxtəlif maneələr, onların həyatı üçün törədilən təhdidlər son dövrlərdə Avropada ciddi müzakirə mövzularından birinə çevrilib. Fransa Senatında dünyanın bir sıra aparıcı jurnalist təşkilatları və Avropa Şurasının təşkilatçılığı ilə keçirilən “dəyirmi masa” da növbəti dəfə bu aktual problemi gündəmə gətirmişdi.
Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoninin moderatoru olduğu “dəyirmi masa”da çıxış edənlər Avropada və bütövlükdə dünyada artıq jurnalistikanın təhlükəli bir peşəyə çevrilməsi, ayrı-ayrı ölkələrdə jurnalistlərə qarşı qəsdlərin arzulounmaz bir ənənə halını almasından narahatlıqlarını ifadə ediblər.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov tədbirdəki çıxışında problemin bir sıra aspektləri barədə danışıb. R.Hüseynov deyib: “Azərbaycan parlamentində və Avropa Şurasında deputat olmamışdan əvvəl mən peşəkar jurnalistika ilə məşğul idim və 10 il “Amerikanın səsi” radiosunun müxbiri kimi çalışmışam. Elə indi də mətbuatla sıx təmasdayam və bu sahənin problemlərinə yaxından bələdəm. Avropa üzrə bu günün dəhşətli statistikası ondan ibarətdir ki, hər həftə 2 jurnalist həyatı ilə vidalaşmalı olur. Jurnalistlərə qarşı dünyanın müxtəlif ölkələrində baş verən qəsdlər, təqiblər, təzyiqlərin onların peşə fəaliyyətləri ilə bağlı olması aydındır. Lakin burada incə bir məqam da var. Jurnalist peşəsi alpinizmə bənzəyir. Sən nə qədər mahir, təcrübəli alpinistsənsə, yıxılmaq, zədələnmək, qayadan aşaraq həlak olmaq ehtimalları da o qədər azalır. Jurnalist də nə qədər çox bilikli, təcrübəlidirsə, peşə etikasının sirlərinə yaxşı bələddirsə, onun özünü mühafizə etmək, daha rahat fəaliyyət göstərmək imkanları da artır. Azərbaycan, ümumilikdə postsovet məkanı, bir qədər də geniş götürsək, keçmiş sosialist düşərgəsi ölkələrində jurnalistika sahəsinə xas olan ortaq bir problem var. Əvvəllər kifayət qədər mətbuat azadlığı görməmiş bu ölkələrdə müstəqillik dövründə yeni jurnalistika sürətlə inkişaf edir, nəşrlərin, informasiya agentliklərinin sayı durmadan artır. Azərbaycanda mətbuat fəaliyyəti ilə məşğul olanların sayı hazırda on minə yaxınlaşmaqdadır. Lakin peşəkar jurnalistika təhsili almış, ya bu sahə üzrə mükəmməl təcrübə keçmiş qələm sahibləri həmin rəqəmin onda birindən də azdır. Postsosialist məkanı üçün eyni hal səciyyəvidir. Beləliklə, kifayət qədər yüksək peşəkarlığa malik olmamaq da jurnalistikaya üz tutanlar üçün artıq yeni bir təhlükəyə çevrilir, onların özlərinin özlərinə qarşı yaratdığı təhlükəyə. Çünki bir sıra hallarda ayrı-ayrı kütləvi informasiya vasitələrində çalışanlar təzyiqlərə, təqiblərə, hətta qəsdlərə məhz özlərinin naşı fəaliyyətləri nəticəsində uğrayırlar. Ona görə də zənnimcə, Avropanın aparıcı jurnalist qurumlarının da, Avropa Şurasının da jurnalistikaya göstərə biləcəyi ən mühüm kömək peşə hazırlığı səviyyəsinin artmasına daim dəstək verməkdir. Mütəmadi seminarlar, kurslar, treninqlər, Avropanın yüksək peşəkar jurnalistlərinin iştirakı ilə ustad dərsləri təşkil etmək bu baxımdan çox səmərəli olardı. Həm də bu tədbirləri ayrı-ayrı ölkələrdən mətbuat işçilərini dəvət edərək hansısa Avropa mərkəzlərində deyil, elə müxtəlif ölkələrə gedib orada da təşkil etmək olar. Bu halda təbii ki, treninqlərə cəlb edilənlərin əhatə dairəsi qat-qat artar”.
Seminar çərçivəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqland və dünyanın aparıcı jurnalistika mərkəzlərinin təmsilçiləri “Jurnalistlərin təhlükəsizliyini qorumaq üçün internet platformasının yaradılması haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris