RAMAZAN BAYRAMI ƏRƏFƏSİNDƏ SUMQAYITLILAR TƏZƏ MƏNZİLLƏRƏ KÖÇÜRLƏR
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin adından təzə evə köçmələri münasibətilə sumqayıtlıları təbrik etmişdir. O bildirmişdir ki, 1997-ci ildən başlayaraq, nazirlik əhalinin bu kateqoriyadan olan hissəsinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü iş aparır. Onların təqribən 1000 nəfəri yeni binalarda mənzil almış, 1500 nəfərə isə avtomobillər verilmişdir. Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə əlillərin bərpa mərkəzləri uğurla fəaliyyət göstərir. Yaxın vaxtlarda Lənkəranda da belə mərkəz açılacaqdır.
Sonra nazir respublikadakı ictimai-siyasi vəziyyətdən danışmış, parlament seçkiləri ərəfəsində radikal müxalifətin məsuliyyətsiz çıxışlarını kəskin tənqid etmişdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev mərasimə toplaşanları qarşıdakı Ramazan bayramı münasibətilə təbrik edərək demişdir ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin məhz bu müqəddəs ayda arzularına çatmasının – yeni mənzillərə köçməsinin rəmzi mənası var. 36 ailə Ramazan bayramını rahat mənzillərdə qeyd edəcəkdir. Təzə mənzillərə köçənlərə orderlərin təntənəli şəraitdə təqdim olunması Sumqayıtda xoş ənənəyə çevrilmişdir. Son iki ildə 4 yaşayış binası istifadəyə verilmişdir. Dövlətimizin başçısının tapşırığı ilə şəhərdə 50 mənzilli daha bir yaşayış binasının bünövrəsinin qoyulmasına hazırlıq gedir. Bütün bunlar ölkəmizin iqtisadiyyatının dinamik inkişafı sayəsində mümkün olmuşdur.
İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, dövlət büdcəsinin, əmək haqqının, pensiyaların müntəzəm artırılması və digər tədbirlər respublikanın böyük iqtisadi potensialından, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş qüdrətindən xəbər verir. İqtisadiyyatın nəzərəçarpacaq yüksəlişi Azərbaycanın beynəlxalq iqtisadi məkanda layiqli yerini təmin etmişdir. Bu, ölkəmizin ağıllı və bəsirətli rəhbəri İlham Əliyevin ətraflı düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir.
Təzə mənzil alanlar onların problemlərinə göstərilən böyük qayğıya görə Azərbaycan Prezidentinə, habelə nazirliyin və şəhərin rəhbərliyinə minnətdarlıq etmiş, dövlətimizin başçısının fəaliyyətini bəyəndiklərini və dəstəklədiklərini bildirmişlər.
Təzə mənzillərin sahiblərinə təntənəli şəraitdə orderlər, qiymətli hədiyyələr təqdim olunmuşdur.
Sonra mərasim iştirakçıları geniş və işıqlı mənzillərə baxmışlar. Mənzillərin hər birinə telefon çəkilmiş, su qızdırıcıları, qaz pilətələri və sair qoyulmuşdur.
Yeni mənzil alan ailələr adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Bu gün Azərbaycan çağdaş tarixin ən böyük yüksəliş dövrünü yaşayır. Ümummilli liderimiz Heydər Əliyevin strateji inkişaf xəttinin layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz siyasətin uğurları hesabına Azərbaycan hazırda dünyanın yüksək inkişaf göstəricilərinə malik ölkəsinə çevrilmişdir. Respublikamızın iqtisadi rəqabət imkanlarına görə postsovet məkanında digər respublikalardan seçilməsi bunu bir daha təsdiq edir. Ölkəmizdə güclü infrastruktur yaradılır, müxtəlif sosial-iqtisadi layihələr həyata keçirilir. Bu isə öz növbəsində, xalqın yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına əsaslı zəmin yaradır. Respublikamız inkişaf etdikcə, büdcə gəlirləri çoxaldıqca bütün kateqoriyadan olan vətəndaşların, o cümlədən əlil və şəhid ailələrinin sosial ehtiyacları ödənilir, Azərbaycan özünün sosial müdafiə konsepsiyası ilə regionda lider dövlət olduğunu bir daha sübut edir.
Cənab Prezident!
Aztəminatlı ailələrə, əlil və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı göz qabağındadır. Qısa bir zamanda ehtiyacı olan minədək Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin mənzil-məişət məsələlərinin həlli, müharibə əlillərinə nəqliyyat vasitələrinin verilməsi, məşğulluq problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər, bu il keçirilən əmək yarmarkalarında yüzlərlə əlilin kvota ilə özünə iş tapması, bu qəbildən olan insanların fəal həyata inteqrasiyası ilə bağlı atılan addımlar xalqımız tərəfindən yüksək dəyərləndirilir.
Bu gün Sumqayıt şəhərində 36 mənzilli yaşayış binasının Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilməsi Sizin fəaliyyətinizin əsas qayəsinin məhz xalqa və dövlətə xidmət prinsipi üzərində qurulduğunu bir daha sübut edir.
Zati-Aliləri!
Son günlər Azərbaycanda baş verən prosesləri diqqətlə izləyirik. Respublikamızın davamlı inkişafını, sabitliyin və əmin-amanlığın qorunub saxlanmasını, qısa müddətdə Sizin rəhbərliyinizlə keçilən sürətli inkişaf yolunu gözü götürməyən müxalifət bütün imkanlarını səfərbər edərək ən çirkin üsullardan istifadə etməkdən belə çəkinmədən respublikada qarışıqlıq yaratmağa və necə deyərlər, bulanıq suda balıq tutmağa cəhd göstərirlər. Ulu öndərimizin və şəxsən Sizin yüksək etimad göstərdiyiniz bəzi iqtidar nümayəndələrinin dövlət çevrilişinə cəhd göstərən qüvvələrlə bir yerdə olması bizi hiddətləndirir. Biz Azərbaycanın müstəqilliyini canı və qanı ilə qoruyan və bu gün də dövlətçiliyimizi hər şeydən uca tutan insanlar Azərbaycanı yenidən xaosa, anarxiyaya çəkmək istəyən, dövlətimizə zərbə vuran bütün bu qüvvələrə nifrətimizi bildiririk.
Bir neçə gündən sonra Azərbaycanda üçüncü çağırış Milli Məclisə seçkilər keçiriləcəkdir. Parlament seçkilərinin tam demokratik keçirilməsinə dair imzaladığınız Sərəncamlar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Belə bir ərəfədə pozucu qüvvələrin antikonstitusion hərəkətlərinə qarşı kəskin tədbirlər görülməsini vacib bilir, həyata keçirdiyiniz kadr islahatlarını birmənalı şəkildə dəstəkləyir və hər an Sizə arxa olacağımızı bəyan edirik.
Yeni binada mənzil alan əlil və şəhid ailələri adından:
Qarabağ müharibəsi əlilləri - İlqar Quliyev,
Elşad Əliyev,
Elnur Həsənov,
Şəhid ailəsinin üzvü - Naibə Əsədova və başqaları.
Cəmi 36 imza” .