CƏMİYYƏT
Ramil İsgəndərli: COP29-da QHT-lər üçün geniş platforma yaradılıb VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dövlət və qeyri-hökumət təşkilatları geniş təmsil olunur. Gələcək günlərdə bir sıra yeni mövzular müzakirəyə çıxarılacaq. Yaşıl zona, xüsusən də ictimaiyyət üçün daha açıq bir zona olaraq təşkil edilib və vətəndaşlar buraya gələrək pavilyonları və qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini yaxından izləyirlər. QHT-lər də tədbirdə fəal iştirak edərək gördükləri işləri nümayiş etdirirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə heyətinin sədri Ramil İsgəndərli söyləyib.
O bildirib ki, beynəlxalq təşkilatların nümayəndələri də tədbirdə fəal təmsil olunublar, ekspert qismində çıxış ediblər. Yaşıl zonada “veqanlıq” və “vegetarianlıq” həyat tərzini təbliğ edən beynəlxalq təşkilatlar tərəfindən aksiyalar keçirilib. Bu da ifadə azadlığının bir forması olaraq qəbul edilir və göstərir ki, qeyri-hökumət təşkilatları üçün geniş platforma yaradılıb.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri vətəndaş cəmiyyəti iştirakçılığı üçün tam şərait yaradıldığını və dövlətin bu istiqamətdə iradəsini göstərir.