RƏCƏB TAYYİB ƏRDOĞAN FRANSADAKI TÜRKLƏRİ DAHA FƏAL OLMAĞA ÇAĞIRMIŞDIR
Fransanın Le Fiqaro qəzetinə müsahibəsində Türkiyənin Baş naziri bildirmişdir ki, Avropa İttifaqı (Aİ) Türkiyəni 70 milyon əhalisi olan fərqli bir sivilizasiyaya malik ölkə kimi qəbul edirdi, amma bu yanaşma getdikcə dəyişir. O, rəsmi Ankaranın dəniz və hava limanlarını yunan Kiprinə açmayacağı təqdirdə Aİ ilə danışıqların dayandırılacağı barədə məlumatları məsələyə yersiz yanaşma adlandırmış və bunun Aİ-nin prinsiplərinə tamamilə zidd olduğunu söyləmişdir. Ərdoğan əlavə etmişdir: “Kiprli türklər 2004-cü ildə keçirilmiş referendumda Annan planını qəbul etdilər və cəzalandırıldılar. Bu arada, kiprli yunanlar planı rədd etmələrinə rəğmən mükafatlandırıldılar. Bu ədalətlidirmi?”
Baş nazir qondarma “erməni soyqırımı” ilə bağlı demişdir ki, bu məsələ ilə tarixçilər məşğul olmalıdırlar. Biz bütün arxivlərimizi tədqiqatçılara açmışıq. Bununla bağlı mən Ermənistan Prezidenti Robert Koçaryana məktub göndərdim, amma o, məktuba cavab vermədi.