Rəqəmsal Ticarət Qovşağı 20-dən çox səfirlik və konsulluqda təqdim olunub
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqlarında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağı (RTQ) ilə bağlı 20-dən çox görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təqdimatlar zamanı RTQ-nin meneceri Nicat Əsədli xarici ticarət əməliyyatlarının genişləndirilməsi istiqamətində Prezident İlham Əliyevin Azərbaycannın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı Fərmanına uyğun olaraq infrastrukturun tam qurulduğunu deyib. O, diplomatik korpusla görüşlərdə RTQ-nin imkanlarından danışaraq qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil və elektron rezidentlik proqramı, məsafədən şirkət qeydiyyatı və bank hesablarının açılması, virtual ofis və köməkçi, eləcə də transsərhəd xidmətlər Azərbaycanın tərəfdaş ölkələrlə kağızsız və sərhədsiz ticarət aparması üçün unikal imkan təqdim edir.
Təqdimatlar diplomatik korpus nümayəndələri və konsullar tərəfindən maraqla qarşılanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı transsərhəd kağızsız və sərhədsiz biznesin aparılması üzrə təqdim etdiyi imkanlara görə tərəfdaş ölkələr üçün çox cəlbedicidir. Dünyada ilk mobil rezidentlik və Estoniyadan sonra ikinci elektron rezidentlik verən ölkə olması Azərbaycanın bu sahədə regionda və dünyada əhəmiyyətli dərəcədə öndə olmasının əyani sübutudur.
N.Əsədli əlavə edib ki, Azərbaycan rəqəmsal layihələrin həyata keçirilməsi istiqamətində təcrübə mübadiləsinə daim hazırdır. Rəqəmsal Ticarət Qovşağı Türkiyə, İsveç, Niderland, Belçika, Latviya, Mərakeş, Xorvatiya, İsveçrə, Əfqanıstan və digər ölkələrin Azərbaycandakı səfirliklərində təqdim olunub.