Rəşad Məcid: Builki kitab sərgisində AZƏRTAC xüsusi fəallıq göstərir
Bakı, 12 noyabr, AZƏRTAC
9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə əvvəlki illərdəkindən daha çox maraq var. Burada təxminən 11 ölkədən 30 qonaq şirkət və 130 dan çox nəşriyyat-poliqrafiya işi ilə məşğul olan yerli müəssisə iştirak edir. Sərgi çərçivəsində çox maraqlı tədbirlər keçirilir. Hamını sərgini ziyarət etməyə dəvət edirəm.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AZƏRTAC-a müsahibəsində deyib.
Onun fikrincə ümumiyyətlə, oxucuların yazıçılarla təması, onlarla bir yerdə olması, suallarına cavab tapması baxımından builki kitab sərgisinin ab-havası çox fərqlidir.
“Mən burada öz stendi ilə iştirak edən AZƏRTAC-ı xüsusi qeyd etməliyəm. Dünəndən bəri AZƏRTAC-ın stendinə böyük marağı və orda bir neçə tədbirin keçirildiyini görürəm. Həm “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filmi təqdim etdi, eləcə də digər təqdimatlar olduqca əhəmiyyətlidir. Mən AZƏRTAC-ın kollektivini bu münasibətlə təbrik edirəm, çünki agentlik builki kitab sərgisində xüsusi fəallıq göstərir”, - deyə Rəşad Məcid vurğulayıb .
Qeyd edək ki, noyabrın 15-dək davam edəcək 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə keçirilir.