SİYASƏT
Rəsmi Paris millətçi çıxışlar edən ermənilərin maliyyəsi ilə idarə olunur ŞƏRH
![Rəsmi Paris millətçi çıxışlar edən ermənilərin maliyyəsi ilə idarə olunur ŞƏRH](/files/2024/1/1200x630/1705578367669220295_1200x630.jpeg)
Bakı, 18 yanvar, AZƏRTAC
Fransa Senatı hansısa dövlətə sanksiya tətbiq edəcək, yaxud ona qarşı məhdudiyyəti müzakirə edəcək qurum deyil və qətnamə də bundan əvvəlkilər kimi sadəcə tövsiyə xarakterlidir. Amma məsələ ondadır ki, Fransa Senatı daxili qanunvericilikdə öz vətəndaşları üçün nəyisə müsbətə dəyişəcək yöndə ideyalar, layihələr təklif etmək əvəzinə, suverenlik, ərazi bütövlüyü kimi beynəlxalq hüququn əsas prinsiplərinə hörmətsizlik nümayiş etdirməklə məşğuldur. Həmçinin Senat Fransa XİN-ə hansısa ölkə ilə münasibətləri necə qurmaq barədə göstəriş də verir. Bütün proseslər Fransa hökumətinin beynəlxalq hüquqa məhəl qoymadığını, rəsmi Parisin daim millətçi çıxışlar edən ermənilərin maliyyəsi ilə idarə olunan siyasətçilər tərəfindən ələ keçirildiyini deməyə əsas verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.
Politoloq bildirib ki, Fransa Azərbaycanın ərazi bütövlüyü, suverenliyi prinsipini pozmağa yönəlik qərəzli və ədalətsiz qətnamə qəbul etməklə bir daha beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar etinasızlıq nümayiş etdirir. Qətnamənin bəndlərindən də aydın görünür ki, Fransa Ermənistanı istifadə etməklə Cənubi Qafqaza yerləşməyə cəhd edir.
“Fransanın ermənipərəst ölkə olmasının bir neçə vacib əsası var. Burada çoxsaylı etnik erməni vətəndaşı, onların geniş lobbi qrupları, diaspora təsisatları mövcuddur. Bu təsisatlar Fransanın bəzi bölgələrində seçki nəticələrinə həlledici təsir göstərən, ölkə mediasında fikrin formalaşdırılmasında iştirak edən qanunverici orqanlardakı etnik ermənilərdən ibarət siyasi qruplardır. Onlar, həmçinin hüquq-mühafizə orqanlarında etnik ermənilərdən ibarət şəbəkə kimi fəaliyyət göstərən siyasi fiqurlardır. Bir sözlə, Fransanın daxili siyasətinə təsir gücünə malik bələdiyyə strukturlarında kifayət qədər geniş erməni şəbəkələri mövcuddur.
Son illər Fransa aktiv formada Cənubi Qafqazda hərbi mövcudluğunu qəbul etdirmək üçün Ermənistanla müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını formalaşdırmağa çalışır. Vətən müharibəsinə qədər bu iki ölkə arasında münasibətlərin hərbi-siyasi ölçüsünü tam əhatə edəcək hərtərəfli strateji saziş və ya müqavilə mövcud olmayıb. Hazırda isə Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın inkişafını üç istiqamətdə: ikitərəfli, Avropa İttifaqı (Aİ) missiyası və NATO çərçivəsində davam etdirmək üçün hüquqi baza formalaşdırır. Ötən iki il ərzində ölkələrarası razılaşmalara görə, Fransa Ermənistana hava hücumundan müdafiə, hərbi alpinizm, sülhməramlı və Aİ-nin missiyası çərçivəsində hərbi yardımlar göstərir”, - deyə Y. Hacıyeva vurğulayıb.
O əlavə edib: “Senatın qətnaməsi ilə bağlı diqqəti çəkən digər məqam isə “Demokratik” Fransa parlamentinin SSRİ-də kommunistlərin syezdlər kimi yekdilliklə (336 lehinə, 1 əleyhinə səslə) qərar qəbul etməsidir. Heç totalitar rejimli ölkələrdə belə qərarlar bu cür yekdilliklə qəbul olunmur. Fransa iddia olunduğu qədər demokratik dövlətdirsə, Senatda niyə 2-3 nəfər də olsun fərqli fikirli şəxs yoxdur?”.