Rəssam Nigar Əflatun Əliyeva: Başqa ölkələrin mədəniyyətlərinə maraq göstərmək lazımdır
Bakı, 19 dekabr, Anara Axundova, AZƏRTAC
AZƏRTAC Türk dünyasının mədəniyyəti və incəsənəti ilə bağlı silsilə müsahibələri davam etdirir. Budəfəki qonağımız rəssam Nigar Əflatun qızı Əliyevadır.
Rəssamın fikrincə, türk ölkələrinin nümayəndələri üçün təşkil olunan qrup sərgiləri mədəni münasibətlərin qurulmasında və informasiya mübadiləsində mühüm rol oynayır.
“Çox vaxt bu cür tədbirlər zamanı yaxınlığın təsdiqini tapırıq. Hazırda milli mədəniyyətimizlə, Azərbaycan incəsənəti ilə bağlı bir silsilə üzərində işləyirəm. Azərbaycan haqqında məlumat toplayarkən digər ölkələrin mədəniyyətləri ilə oxşarlıqlara rast gəlirəm. Məsələn, köhnə qapılar çəkdim. Onlarda təkkülbablar - qapı çəkicləri var. Onların iki növü var: biri kişilər üçün, biri qadınlar üçün. Onlardan fərqli tıqqıltı səsi gəlirdi və tıqqıltının səsinə görə kimin gələcəyi müəyyən edilirdi. Əgər qadın gəlibsə, ona qadın qapını açardı. Qazaxıstanda, Türkiyədə və İranda, türklərin yaşadığı bölgədə belə qapılar da mövcuddur - bu, ümumi bir ənənədir. Yaxud da başmaqlarımız - onlar çox oxşardır. Baş geyimləri... Məsələn, araxçın bir qədər fərqli ola bilər, amma baş geyiminə münasibət eynidir. Geyimlərdə, xalçalarda və qab-qacaqlarda naxışlar oxşarlığa dəlalət edir. Bu amillər xalqları ruhən bir-birinə yaxınlaşdırır”, - deyə Nigar Əliyeva qeyd edib.
Müsahibimiz hesab edir ki, daha çox birləşdirici tədbirlər keçirmək lazımdır.
“Qrup sərgiləri təşkil etmək, məlumat mübadiləsi aparmaq, digər ölkələrdən olan sənətçiləri qəbul etmək və onların mədəniyyətinə maraq göstərmək lazımdır. Amma ən əsası özümüzün nə ilə zəngin olduğumuzu bilməkdir!” - deyə rəssam vurğulayıb.