Rimas Kurtinaytis: Azərbaycan basketbolunda ikinci inkişaf dalğası başlayıb
Bakı, 2 fevral, AZƏRTAC
"Sabah" klubundan təklif gəldikdən sonra ailəmlə məsləhətləşdim və yenidən bura gəlməyi qərar verdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının XIII turunda "Sərhədçi"yə 96:71 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, 18 il ərzində Azərbaycanın dəyişdiyini də bildirib: "Yenidən Azərbaycana qayıtdım. Mənim üçün çox xoş oldu. Bakı şəhəri də çox dəyişib".
Təcrübəli mütəxəssis Zaur Paşayev və Fuad Niftəliyev kimi güclü basketbolçuların hələ də karyeralarını davam etdirmələrinin xoş məqam olduğunu deyib: "Fuad Niftəliyevin hazırda 43 yaşı var. Onunla yenidən işləmək çox xoş olacaq. Mən də 41 yaşımda peşəkar basketbolla vidalaşmışdım".
Litvalı çalışdırıcı yalnız "Sabah" klubu üçün deyil, Azərbaycan basketbolunun inkişafı naminə əlindən gələni edəcəyini söyləyib: "Burada basketbol çox inkişaf edib. Yerli oyunçuların sayı çoxdur. Hər komandada legionerlər də var. Bu da Azərbaycandakı basketbolun irəli getməsinə kömək edəcək".
R. Kurtinaytis “Sabah”a imza atmamışdan əvvəl Azərbaycan Basketbol Federasiyanın sabiq prezidenti Nadir Nəsibovla danışdığını da deyib: "Əvvəllər Azərbaycan basketbolunda işləmiş bəzi şəxslərlə danışmışıq. Mən gələcək üçün plan da hazırlamaq istəyirəm. Təəssüf ki, salonlarda azarkeşlər azdır. "Qala" klubunun dövründə azarkeşlərin sayı daha çox olurdu. İndi bu məsələnin üzərində də çalışmalıyıq".
"Sabah" klubunun bu mövsüm FİBA Avropa Kubokundakı oyunlarını izləmədiyini deyən mütəxəssis ölkə çempionatının XII turunda "Xırdalan"la keçirdikləri qarşılaşamaya baxdığını deyib.
63 yaşlı çalışdırıcı "Qala" klubunda işlədiyi dövrdə rəhbərlik etdiyi basketbolçulardan olan Tahir Baxşıyevin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına da münasibət bildirib: "Ötən ilin noyabrında Tahir Baxşıyevlə Litvada bir araya gəlmişdik. Öz təcrübəmi də onunla bölüşdüm. Onun yaxşı məşqçi olub-olmayacağını isə zaman göstərəcək".
Qeyd edək ki, Rimas Kurtinaytis “Sabah”la 1,5 illik müqavilə imzalayıb.