Riqada azərbaycanlıların soyqırımı gününə həsr olunmuş informasiya seminarı keçirilmişdir
Riqa, 1 aprel (AZƏRTAC). Riqada fəaliyyət göstərən “Ocaq” cəmiyyəti Latviya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr üçün 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş informasiya seminarı keçirmişdir. Cəmiyyətin sədri Roman Əliyev Azərbaycan tarixinin qara günü barədə toplaşanlara məlumat vermişdir.
1918-ci ilin mart günlərində Bakı və Gəncə quberniyalarında, Qubada, Şamaxıda və Azərbaycanın digər regionlarında daşnaklar dinc əhaliyə qarşı çoxsaylı soyqırımı aktları törətmişlər. Qubada aşkar olunmuş məzarlıqda soyqırımı qurbanlarının qalıqlarının identifikasiyası üzrə bu gün Azərbaycanda böyük həcmdə iş görülür.
R.Əliyev qeyd etmişdir ki, Azərbaycanın tarixinə dair latış dilində nəşr olunmuş kitabda 1918-ci ilin hadisələrindən bəhs olunur. Erməni millətçilər təkcə Bakıda və ətraf kəndlərdə 12 min azərbaycanlını qətlə yetirmişlər. R.Əliyevin bildirdiyinə görə, N.Şavrov hələ 1911-ci ildə dərc olunmuş əsərində qeyd etmişdir ki, Rusiya imperiyası İrandan, Osmanlı imperiyasından Naxçıvana, Qarabağa və İrəvan xanlığına milyonlarla ermənini köçürmüşdür.
1918-ci ilin hadisələri erməni millətçilərinin iki əsr müddətində azərbaycanlılara qarşı törətdikləri soyqırımı və terrorizm siyasətinin daha bir sübutudur.
Tədbirdə Sumqayıt hadisələri barədə sənədli film nümayiş etdirilmişdir.
R.Əliyev ermənilərin dinc Azərbaycan əhalisinə qarşı qəddarlığından bəhs edən nəşrləri tələbələrə təqdim etmişdir. Həmin nəşrlər Feliks Tsertsvadzenin “Erməni etnokorporasiya”, Aslan Xəlilovun “Cənubi Qafqazın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə” kitablarıdır.
R.Əliyev həmçinin bildirmişdir ki, “Ocaq” cəmiyyətində Azərbaycan Demokratik Respublikasının tarixini tədqiq edən tələbələrə məsləhətlər verilmişdir. Onlara müvafiq materiallar təqdim olunmuşdur. Həmin tələbələrin elmi işləri Latviya Universitetində keçirilmiş müsabiqədə Azərbaycan tarixinin dərindən və hərtərəfli tədqiqatı kimi birinci yerə layiq görülmüşdür.
Roman Əliyev çıxışının sonunda bildirmişdir ki, Ermənistanın soyqırımı və terrorizm siyasəti yeritməsi barədə informasiyanı fəal surətdə yaymaq lazımdır. Bu isə təkcə Azərbaycanın dövlət strukturlarının səyləri ilə deyil, həm də diasporun fəaliyyəti sayəsində mümkün olacaqdır. Roman Əliyev tələbələrə müraciətində demişdir: “Bu həqiqətin dünya ictimaiyyəti tərəfindən eşidilməsinə sizin sözünüz, məsələyə biganə qalmamağınız kömək edərdi”.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
######
