Riqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Riqa, 24 fevral (AZƏRTAC). Fevralın 23-də Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirmişdir.
Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Latviya Seyminin deputatı, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yanis Reyers, Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları, ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Əvvəlcə Qarabağ regionunu əks etdirən videoslayd göstərilmişdir.
Latviyada təhsil alan azərbaycanlı tələbələr Xocalı şəhərini yer üzündən silmiş ermənilərin vəhşilikləri haqqında “Xocalı” bədii kompozisiyasını göstərmişlər. Həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Tədbirin iştirakçıları yer üzündən silinmiş Xocalı haqqında, dinc sakinlərin əzablı ölümü haqqında Çingiz Mustafayevin çəkdiyi kadrlara ürək ağrısı ilə baxmışlar.
Sonra Yuqla məktəbinin latış xoru Azərbaycan bazar günü məktəbinin rəhbəri Günay Əliyevanın sözlərinə bəstəkar Martinş Braunsun musiqi bəstələdiyi “Mənim Xocalım” mahnısını Azərbaycan dilində ifa etmişdir.
Mərasimdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov demişdir ki, gördüyümüz kadrlardan sonra danışmaq çox çətindir. O, Xocalı faciəsi haqqında dünya birliyinin məlumatlandırılması sahəsində böyük iş aparıldığını diqqətə çatdıraraq bildirmişdir ki, Rumıniya parlamentindəki fraksiya Azərbaycan torpaqlarının işğalını və Xocalıda törədilmiş vəhşilikləri pisləmişdir. Habelə Xocalı soyqırımının tanınmasına dair Çexiya parlamentinin qətnamə qəbul etdiyi bildirmişdir.
Azərbaycan diplomatı, həmçinin Xocalı hadisələrinin soyqırımı kimi tanınması məsələsi ilə əlaqədar Latviya Seyminə müraciət etmişdir. Qeyd edilmişdir ki, Xocalıda aeroportun açılması Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ziyan vuracaq, qarşılıqlı etimadın yaradılmasını təhlükə altına alacaqdır.
Latviyanın bizə dost ölkə olduğunu qeyd edən səfir Elman Zeynalov demişdir ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə Latviyanı müdafiə etməyə hazırdır.
Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yanis Reyers bildirmişdir ki, Latviya ilə Azərbaycanı böyük məsafələr ayırsa da, tarixi yaddaş birləşdirir. Latviya deputatı qeyd etmişdir ki, öz keçmişini unudan gələcəyini qura bilməz.
Səfirliyin əməkdaşı Sadiq Babayev xocalıların dünya xalqlarına, BMT-yə, Avropa Şurasına və ATƏT-ə müraciətini oxumuşdur.
Sonra “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin başçısı, Latviya Prezidenti yanında Milli azlıqların işləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyev çıxış etmişdir. Qeyd edilmişdir ki, biz hər şeyi yadda saxlamaqla uşaqlarımızı gələcəyə doğru aparırıq və əminik ki, belə faciələr bir daha təkrar olunmayacaqdır. Bunun üçün məsələləri həll edən, uşaqlarımız üçün daha yaxşı həyat barədə düşünən insanlar məsuliyyət daşıyırlar. Roman Əliyev bu günlərdə Azərbaycan xalqına dəstək olanların hamısına minnətdarlığını bildirmişdir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa