Robert Prosineçki: Hədəf erkən qol vurmaqdır
Bakı, 4 sentyabr, AZƏRTAC
Meydana çıxan 11 nəfərin hamısı sonadək mübarizə aparmalıdır. Bir-iki nəfər zəif çıxış edəndə balans pozulur. Qələbə qazansaq, xalımızı 10-a çatdıracağıq. Bu da yeni rekord deməkdir. San Marino millisi cəmi 1 qol vurub, xal toplamayıb. Qələbədən başqa yol yoxdur. Hədəf erkən qol vurmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri DÇ-2018-in seçmə mərhələsində - sentyabrın 4-də Azərbaycan - San Marino oyunu ərəfəsində keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki səsləndirib. O deyib: “Hamı oyuna hazırdır. Məşqçi kimi çalışmaqdan zövq alıram. Motivasiyam yüksəkdir. Belə olmasaydı, burada işləməzdim, gedərdim. Seçmə mərhələsində yaxşı oyunlar göstərmişik. Bəzi matçlarda bəxtimiz gətirmədi. Bəli, bundan da yaxşı futbol oynaya bilərik. Mənə elə gəlir ki, son aylar oyun baxımından irəliləyiş var. Hələ seçmə mərhələsinin əvvəlində hər kəs qrup ikinciliyinə ümid edirdi. Milliyə gənc oyunçular cəlb etmişik. Azərbaycan futbolunun gələcəyi üçün işlər görürük”. Robert Prosineçki diqqətə çatdırıb ki, komanda Norveç yığması ilə görüşdə əzmkarlıq göstərsə də, rəqib güclü olub.
Komandamızın üzvü Ramil Şeydayev qeyd edib ki, qarşıdakı oyun çətin olsa da, məqsəd qələbə qazanmaqdır. “Rəqib yalnız müdafiə mövqeyində dayanır, demək olar ki, hücuma keçmir. Buna baxmayaraq, hədəfimiz qələbədir. İmkan daxilində çox qol vurmağa çalışacağıq”, - deyə R.Şeydayev vurğulayıb.
Digər futbolçumuz Tərlan Quliyev isə deyib: “San Marino millisinin son oyununa baxmışıq. Rəqibimiz son görüşdə 70 dəqiqə qapısının toxunulmazlığını saxlaya bilib. Bu da onu göstərir ki, görüş asan olmayacaq”.