Robert Prosineçki: Komandam son oyunlardakı çıxışını göstərə bilmədi
Oslo, 2 sentyabr, AZƏRTAC
Rəqibi qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, komandam son oyunlardakı çıxışını göstərə bilmədi. Rəqibdə daha çox istək var idi, bizdən üstün idilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasına 2:0 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı baş məşqçi bildirib ki, bu gün bizim günümüz deyildi. Bir neçə şansımız olsa da, rəqib bizdən çox üstün idi. Ona görə də qələbəyə bizdən çox layiq idilər. Üç gündən sonra bizi növbəti oyun gözləyir. San-Marino ilə matça hazırlaşacağıq.
"Norveç güclü komandadır. Bu rəqiblə asanlıqla oynaya bilmərik. Komandamda istək var idi. Lakin çoxlu səhvlər üzündən bunu 90 dəqiqə ərzində göstərə bilmədik. Millimizin qapıçısı Kamran Ağayev son 6 ayda klubsuz idi, təcrübəsi az idi. Çexiya çempionatında ötən tur meydana çıxdı. İkinci qolda onun səhvi yox idi. Çünki Rəşad Sadıqov avtoqol etdi. Növbəti oyunlarda kimin qapıda duracağı barədə suala hələlik cavab verə bilmərəm", -deyə Robert Prosineçki əlavə edib.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Oslo