“RoboCoder” təliminin iştirakçılarına sertifikatlar verilib
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən “Uşaqdan-uşağa” layihəsi çərçivəsində “RoboCoder” təlimi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilən tədbirdə əvvəlcə təlim iştirakçılarının hazırladıqları materiallar nümayiş olunub.
Təlimlərin keçirilməsində məqsəd məktəblilərin kompüter biliklərinin təkmilləşdirilməsi, onlara proqramlaşdırma dilləri haqqında ilkin məlumatların təqdim edilməsi və nəticədə uşaqların rəqəmsal dünyaya, informatika sahəsinə olan marağının artırılmasıdır.
Layihə çərçivəsində Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvləri Nəzrin Bayramlı və Rüfət Əzizzadə tərəfindən Vlll, lX və X siniflərdə təhsil alan, proqramlaşdırma sahəsi ilə maraqlanan, eyni zamanda, təhsilini bu istiqamətdə davam etdirmək istəyən məktəblilər üçün mütəmadi təlimlər təşkil edilib. İştirakçılar 6 həftə ərzində həftədə 2 dəfə, hər dərs 90 dəqiqə olmaqla proqramlaşdırma sahəsində müxtəlif mövzular üzrə nəzəri biliklər əldə etməklə bərabər, praktik biliklərini də inkişaf etdiriblər.
Tədbirin sonunda təlim layihəsini uğurla bitirənlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi olan Uşaq Səfirlər Məclisi 2020-ci il iyunun 1-dən fəaliyyət göstərir. Uşaq Səfirlər Məclisi uşaq hüquqlarının qorunması, uşaqların bu prosesə öz töhfələrini verməsi, onların iştirakçılıq və özünüifadə bacarıqlarının inkişafını təmin etmək məqsədilə yaradılıb.