RUDOLF NURİYEV: ƏN İSTEDADLI VƏ ƏN VARLI RƏQQASIN FACİƏSİ
1961-ci ilin iyununda Rudolf Nuriyev Kirov teatrının truppası ilə birlikdə Parisdə qastrolda idi, lakin onu gözlənilmədən Moskvaya çağırdılar, guya Kremldə çıxış edəcəkdi. Onun milyonçu rəfiqəsi Klara Sent Nuriyevi yola salmaq üçün hava limanına gəlir, qucaqlayıb sağollaşarkən qulağına pıçıltı ilə deyir: “Sən o iki polisə yaxınlaşıb deməlisən ki, Fransada qalmaq istəyirsən. Onlar səni gözləyirlər”. Bunu görən Dövlət Təhlükəsizliyi Komitəsi əməkdaşlarının dalağı sancdı və Nuriyevin qoluna girdilər, lakin Rudolf onların cəngindən çıxaraq, özünün məşhur tullanışlarından birini etdi və polislərin düz qolları arasına düşərək dedi: “Mən azad olmaq istəyirəm”. Jurnalistlər bunu “azadlığa doğru tullanış” adlandırdılar.
Sonralar o, avtobioqrafiyasında yazmışdır: “Mən ona görə belə qərara gəldim ki, başqa seçimim yox idi. Bu addımın nə kimi ağır nəticələri olsa da, buna əsla təəssüflənmirəm”. Onun seçimi, həqiqətən, yox idi: DTK onu artıq çoxdan izləyirdi. DTK-nın ovaxtkı sədri A.Şelepin Sov.İKP MK-ya məlumat vermişdi: “Bu il iyunun 3-də Parisdən məlumat gəldi ki, Nuriyev Rudolf Xamitoviç sovet vətəndaşlarının xaricdə davranış qaydalarını pozur, təkbaşına şəhərə gedir, mehmanxanaya gec qayıdır. Bundan başqa, fransız artistləri ilə yaxın münasibət yaradıb. Onunla profilaktik xarakterli söhbətlər aparılmasına baxmayaraq, Nuriyev davranışını dəyişmir...”
Nuriyevin qaçışından dərhal sonra Kiyev teatrı truppasının açıq yığıncağında artistlər onu “vətən xaini” kimi “yekdilliklə” lənətlədilər. 1962-ci ilin yanvarında isə onun rəsmi məhkəməsi (təbii ki, qiyabi) oldu və Nuriyevi “Vətən xaini” kimi cəza müddətini ciddi rejimli koloniyada çəkmək şərti ilə yeddi il islah-əmək işlərinə məhkum etdilər. Bir çox illər ərzində, xüsusən səhnəyə çıxmağa az qalmış hədə-qorxulu anonim zənglər ona dinclik vermədi, anasını oğluna zəng edib vətənə qayıtmaq üçün dilə tutmağa, yalvarmağa məcbur edirdilər. Lakin bütün bunların bir nəticəsi olmadı.
Nuriyevin həyatda başlıca məhəbbəti, hər halda, rəqs olaraq qalırdı. “Azadlığa doğru tullanış” ona London kral baletində işləmək kimi nadir imkan verdi. Nuriyev yaradıcı həyatı ərzində klassik baletin, əslində, bütün aparıcı kişi rollarını ifa etməyə müvəffəq oldu.
Onun rəqsə məhəbbətində müttəfiqi o dövrün böyük balerinası Marqo Fonteyn idi. Hətta o da ağlına gətirə bilməzdi ki, bu tandem balet tarixində ən parlaq və misilsiz tandemlərdən biri kimi qalacaqdır.
Fonteynin və Nuriyevin birgə yaradıcılığı 1962-ci ildə “Jizel” baletindən başlamışdı. Məşhur baletmeyster F.Aşton “Marqaret və Arman” baletinə xüsusi olaraq onlar üçün quruluş verdi. 1964-cü ilin oktyabrında Vyana operasında “Qu gölü” baletindən sonra onları 89 dəfə səhnəyə çağırdılar. Səhnə fəhlələrinə əlavə əmək haqqı vermək lazım gəldi, çünki onlar dekorasiyanı yığışdıra bilmədilər və gecə yarısınadək teatrda qaldılar.
Qərbdə o, özünü istədiyi kimi apara bilirdi, çox günahlarını bağışlayırdılar. Hətta bir dəfə Londonda kral ailəsinin də olduğu qəbulda ayaqyalın çıxış etdi, buna görə ona güldən ağır söz deyən olmadı.
Nuriyev dünyanın bütün guşələrində ildə azı 200 tamaşa verirdi. Deyirdilər ki, o, təkcə Antarktidada və Arktikada çıxış etməyib. O, kino və televiziyada çox çəkilirdi. 1972-ci ildə onun iştirakı ilə çəkilmiş “Mən rəqqasam” filmi ekranlara çıxdı. Nuriyev həm də istedadlı rejissor idi, bir neçə klassik baletə quruluş vermişdi. 1983-cü ildən 1989-cu ilədək Paris Qrand-Operası balet truppasının direktoru olmuşdur.
Nuriyevi dəhşətli xəstəlik tutmuşdu – QİÇS. Deyilənlərə görə, xəstəxanada yoluxmuşdu. Guya bir dəfə küçəni ehtiyatsız keçərkən onu maşın vurmuşdur. Xəstəxanada ona köçürülən qan isə infeksiyalı imiş. Rudolf QİÇS-lə 12 il yaşadı.
1976-cı ildə məşhur mədəniyyət xadimlərindən yaradılan komitə Nuriyevin anasına oğlunun yanına gəlmək xahişinə 10 mindən çox imza topladı. ABŞ-ın 42 senatoru SSRİ rəhbərliyinə şəxsən müraciət etdi, BMT də xahiş etdi, lakin bütün bunların heç birinin nəticəsi olmadı. Yalnız 1987-ci ildə Qorbaçov SSRİ-nin rəhbəri təyin edildikdən sonra ona artıq can üstündə olan anası ilə vidalaşmaq üçün Ufaya qısa müddətə gəlməyə icazə verdilər. Vətən həsrəti onun xəstəliyini daha da ağırlaşdırırdı. Buna baxmayaraq, 1989-cu ildə Kirov teatrının səhnəsində bir neçə tamaşada oynadı. Lakin Nuriyev daha o Nuriyev deyildi. Xəstəlik öz sözünü deyirdi.
O, yenidən Fransaya qayıtdı. 1991-ci ilin yayında xəstəliyi şiddətləndi. Sonrakı ilin yazında QİÇS-in sonuncu mərhələsi başlandı. O günlər Nuriyevi ancaq bir məsələ düşündürürdü: nə olursa-olsun, “Romeo və Cülyetta”nın tamaşasını həyata keçirmək istəyirdi. Ömür vəfa qıldı və o, arzusuna çatdı.
Rudolf Nuriyev ömrünün son yüz gününü Parisdə keçirdi. Nuriyevə şan-şöhrətin zirvəsinə və var-dövlətə yolu bu şəhər açdı, qapını da o bağladı. 54 yaşlı dünyaşöhrətli rəqqas vətəndən uzaqlarda, qürbət eldə sakitcə əbədiyyətə qovuşdu.
Dahi rəqqas Paris yaxınlığındakı Sen-Jenevyev de Bua rus qəbiristanında torpağa tapşırıldı.
(Material “Novosti” agentliyinin və digər mənbələrin informasiyaları əsasında hazırlanmışdır).