RUMINİYA-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN SƏDRİ İOAN POP DE POPANIN ÇIXIŞI
-Zati-aliləri cənab İlham Əliyev!
Zati-aliləri cənab Trayan Besesku!
Əziz dostlar!
İlk növbədə, icazənizlə, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi və Rumıniya Prezidenti zati-aliləri Trayan Beseskunu bu parkda görməkdən məmnunluğumu bildirim və Rumıniya-Azərbaycan dostluq münasibətlərinin inkişafı üçün əlamətdar bir tədbirdə iştirakınıza görə hər birinizə öz minnətdarlığımı çatdırım. Sizin hər birinizin burada iştirakının ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyəti vardır.
Mən Azərbaycan xalqının ümummilli lideri dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin büstünün 2004-cü ilin oktyabr ayında açılış mərasimini böyük məmnunluqla xatırlayıram. O zaman da bu park çox gözəl idi, amma qısa bir müddət keçdikdən sonra bura Rumıniyanın ən gözəl parkı oldu. Bu gün gördüyünüz bu gözəllik yaradıldı.
Heydər Əliyev Rumıniyanın dostu idi. İki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin təməlinin qoyulmasında Heydər Əliyevin xüsusi, danılmaz xidmətləri olmuşdur. Rumıniyada Heydər Əliyevin büstünün ucaldılması, onun adını daşıyan xiyabanın açılması bu dahi şəxsiyyətə hörmət və ehtiramın təzahürüdür. Eyni zamanda, bu gözəl parkı Rumıniya sakinlərinin istifadəsinə verdiklərinə və məşhur rumın bəstəkarı Corce Eneskunun Bakı şəhərində büstünün ucaldılmasına görə şəxsən Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirirəm. Çünki bu xeyirxah təşəbbüs və nəcib əməllər cənab İlham Əliyevə məxsusdur.
Bu gün Azərbaycanın qazandığı nailiyyətlər, iki ölkə arasında daimi qarşılıqlı dəstək və dostluq əlaqələrinin ildən-ilə möhkəmlənməsi bizi sevindirir. Mən 2003-cü ildə Azərbaycanda Prezident seçkiləri ərəfəsində Rumıniya və Avropa kütləvi informasiya vasitələrində səsləndirdiyim fikirləri böyük məmnuniyyətlə xatırlatmaq istərdim: “Sağlam məntiq onu diktə edir ki, özünün gələcək taleyini düşünən, dərk edən, səsvermə hüququna malik olan hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev siyasətinin, siyasi xəttinin ən etibarlı davamçısına, ölkənin Avropaya inamlı inteqrasiyası, tərəqqi və demokratiya yolu ilə inkişafının təminatçısına, İlham Əliyevə səs verəcək, dövlətin idarəçilik sükanını ona etibar edəcəkdir”.
Mən şadam ki, bu fikirlərimdə haqlı olmuşam. Sevindirici haldır ki, cənab İlham Əliyev Prezident seçildikdən sonra üç dəfə Rumıniyada səfərdə olmuş, cənab Trayan Besesku da prezidentliyi dövründə iki dəfə Bakını ziyarət etmişdir. Bu cür hallar beynəlxalq münasibətlərdə xüsusi əhəmiyyət kəsb edir. Rumıniya və Azərbaycan arasında səfərlərin intensivliyi, dostluq və səmimilik göz önündədir. Biz xalqlarımızın və prezidentlərimizin bu dostluq münasibətlərindən qürur duyuruq.
Bu gözəl xiyabanın açılması münasibətilə zati-aliləri cənab prezidentləri və xalqlarımızı təbrik edirəm.
Diqqətinizə görə minnətdaram.