RUMINİYA ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNDƏ AZƏRBAYCANIN HAQQ İŞİNİ DƏSTƏKLƏYİR
Azərbaycanın müdafiə naziri general- polkovnik Səfər Əbiyev Rumıniyanın müdafiə naziri İoan Mirça Paşkunun dəvəti ilə aprelin 1-dən 4-dək Buxarest şəhərində rəsmi səfərdə olmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 1-də Rumıniyanın müdafiə naziri İ.M.Paşku general- polkovnik Səfər Əbiyevi qəbul etmişdir. Əvvəlcə müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər. General-polkovnik Səfər Əbiyev demişdir ki, Azərbaycan- Rumıniya əməkdaşlığı bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla genişlənməkdədir.Bu əməkdaşlığın əsasını Azərbaycan Prezidenti Heydər Əliyev və Rumıniyanın Prezidenti İon İliyesku qoymuşlar. Əməkdaşlığımız 1999-cu ildə Buxarestdə Azərbaycan və Rumıniya Müdafiə Nazirlikləri arasında imzalanmış Saziş əsasında inkişaf etməkdədir.
Rumıniyanın NATO-ya üzv dəvət olunması münasibətilə həmkarını təbrik edən S.Əbiyev demişdir ki, bu təcrübə bizim üçün olduqca maraqlıdır.
Sonra müdafiə nazirləri hərbi təhsil, hərbi-texniki əməkdaşlıq, ekspertlər səviyyəsində mübadilə, ikitərəfli və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində hərbi əməkdaşlıq, Balkanlarda və Cənubi Qafqaz regionunda cərəyan edən hərbi-siyasi proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və İraq müharibəsi barəsində geniş fikir mübadiləsi etmişlər.
Həmin gün Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Mixail Popesku general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı iki dövlətin Silahlı Qüvvələrində aparılan islahatlar və onların əməkdaşlığının genişləndirilməsi barədə danışıqlar aparmışlar.
Aprelin 2-də Rumıniyanın Prezidenti İon İliyesku general-polkovnik S.Əbiyevi qəbul etmişdir. Qonağı salamlayan Rumıniya prezidenti qeyd etmişdir ki, o, iki dövlətin Müdafiə Nazirlikləri arasında inkişaf edən əməkdaşlığı dəstəkləyir.
General-polkovnik S.Əbiyev qəbul üçün prezident İ.İliyeskuya təşəkkür edərək Azərbaycan Prezidenti Heydər Əliyevin salamlarını və səmimi arzularını ona çatdırmışdır. Sonra o, keçirdiyi görüşlər və hərbi əməkdaşlığın mühüm istiqamətləri haqqında Rumıniya prezidentinə məlumat vermişdir.
Görüşün sonunda Rumıniya prezidenti İ.İliyesku onun salamlarını və ən xoş arzularını Prezident Heydər Əliyevə çatdırmağı xahiş etmişdir.
Aprelin 3-də general-polkovnik S.Əbiyev Rumıniya parlamentində müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvləri ilə görüşmüşdür. Görüş zamanı iki dövlətin Müdafiə Nazirlikləri və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində hərbi əməkdaşlıq barəsində geniş fikir mübadiləsi aparılmış, Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi baxımdan geniş perspektivlərə malik dövlət olduğu vurğulanmışdır.
General-polkovnik S.Əbiyev komissiya üzvlərinə Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və nəticələri haqqında geniş məlumat vermiş və onlara bu barədə tarixi materiallar təqdim etmişdir.
Həmin gün Rumıniya Xarici İşlər Nazirliyində general-polkovnik S.Əbiyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Nazir müavini Motok Mixnea qonaqları salamlayaraq qeyd etmişdir ki, Rumıniya-Azərbaycan diplomatik münasibətləri uğurla inkişaf edir. Biz Cənubi Qafqaz regionuna böyük əhəmiyyət veririk. Çünki biz vahid geostrateji məkanda yerləşir, Cənubi Qafqaz regionunda və Balkanlarda situasiya oxşardır. Ermənistan-Azərbaycan münaqişəsində biz Azərbaycanın haqq işini və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini tam dəstəkləyirik.
General-polkovnik S.Əbiyev səmimi sözlərə görə nazir müavininə təşəkkür etmiş və Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə rumın xalqına və dövlətinə minnətdarlığını bildirmişdir.
Səfər zamanı general-polkovnik S.Əbiyev Rumıniya qəhrəmanlarının abidəsi önünə əklil qoymuş, Rumıniya Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasını, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Qərargahlarını, Braşov şəhərində yerləşən hərbi Hava Qüvvələri Akademiyasını və dağ-atıcı briqadasını ziyarət etmiş, texniki və texnoloji hərbi araşdırmalar agentliyində olmuş və onun nəzdində açılmış hərbi-texniki sərgiyə baxmışdır.
Nümayəndə heyəti aprelin 4-də Vətənə qayıtmışdır.