Rumıniya mətbuatı: “Azərbaycanda yaşıl inqilab: Ölkə bərpaolunan enerji həllərinin inkişafına investisiyalar qoyur”
Buxarest, 26 sentyabr, AZƏRTAC
Rumıniyanın qabaqcıl “StiriPeSurse” xəbər portalı Azərbaycanda yaşıl enerjinin inkişafı barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın ənənəvi yanacağa olan asılılığını azaltmaq üçün bərpaolunan enerji həllərinə investisiya edərək ekoloji çevriliş həyata keçirmək niyyətində olduğu bildirilir.
Qeyd olunur ki, məqsəd 2030-cu ilədək ümumi elektrik istehsalında bərpaolunan enerjinin payını 30 faizə çatdırmaq və 1990-cı illə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz miqdarında istixana qazı emissiyalarını azaltmaqdır.
Vurğulanıb ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası yaşıl enerji inkişafı üçün prioritet bölgələr kimi müəyyən edilib. Bildirilir ki, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib ki, bu da Azərbaycanının qlobal iqlim dəyişikliyi ilə mübarizəyə və daha təmiz bir mühitin təşviqinə töhfə verməyə olan bağlılığını vurğulayır: “Bu təşəbbüs ölkənin iqtisadi baxışında əhəmiyyətli dəyişikliyi əks etdirir və davamlı bir gələcəyə doğru yönəlir”.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest