RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN ÇIXIŞI
- Cənab Prezident Əliyev!
Xanım Əliyeva!
Cənab mer və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri!
İcazə verin, mən öz sevinc hisslərimi ifadə edim ki, bu gün belə bir gözəl formada bizim ölkələrimiz - Rumıniya və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyəsini bir daha qeyd edirik.
Keçən il mən Bakıya səfər edərkən biz orada dahi rumın bəstəkarı Corce Eneskunun heykəlinin açılışını keçirdik. Bu hadisə ilə Azərbaycan xalqı bir daha göstərdi ki, o, rumın xalqının mədəni dəyərlərini, mədəniyyətini qəbul edir və sevir.
Bu gün Buxarestdə Heydər Əliyev Fondunun yerli nümayəndəliyi açılır. Eləcə də burada Heydər Əliyevin adını daşıyan xiyabanın açılışını keçiririk. Bu isə rumın xalqının Azərbaycanın tarixinə, eləcə də Azərbaycan xalqına artıq 15 il bundan əvvəl böyük bir azadlıq verən ümummilli liderinə olan hörmət hissinin təzahürüdür.
Heydər Əliyev Azərbaycanın bir qəhrəmanı, Rumıniyanın isə dostu idi. Bizim yaxşı yadımızdadır ki, hələ o çətin vaxtlarda Heydər Əliyev Azərbaycanın müstəqillik qazanmasına imkan yaratdı, onun Sovet İttifaqından yaxa qurtarmasına şərait yaratdı. Həmin o çətin vaxtlarda azadlıq uğrunda nümayiş etdirilən cəsarət eynilə Rumıniyada da baş verən hadisələrlə paralellik təşkil edirdi. Çünki həmin vaxtlarda, yəni, bir qədər əvvəl, 1989-cu ildə Rumıniyada da inqilab baş verməkdə idi.
Bakı və Buxarest arasındakı diplomatik əlaqələrin qurulmasından cəmi 15 il vaxt keçir. Amma bu qısa müddətdə ikitərəfli əlaqələrin səviyyəsinə baxdıqda, onların çox sürətlə inkişaf etdiyini və səmərəli olduğunu görürük.
Mən əminəm, Rumıniyanın və Azərbaycanın xarici siyasətində iki mühüm amil olub ki, onlar ikitərəfli əlaqələrin bu cür sürətlə inkişaf etməsinə imkan veribdir. Birincisi, ona görə ki, həm Rumıniya, həm də Azərbaycan Xəzər dənizi və Qara dəniz regionunun burada yaşayan xalqlar üçün bir təhlükəsizlik zonasına, bölgəsinə çevrilməsinə səy göstərir. İkinci cəhət isə ondan ibarətdir ki, həm Rumıniya, həm də Azərbaycan Xəzər dənizi və Qara dəniz regionunda müxtəlif mədəniyyətlərə məxsus olan xalqların bir-biri ilə anlaşması və sülh şəraitində yaşaması üçün dialoq yolunu tapmalıdır və tapacaqlar. Çünki Rumıniya da və Azərbaycan da beynəlxalq hüququn prinsiplərinə, onların pozulmamasına xüsusi əhəmiyyət verirlər. Bunu deyərkən mən ölkələrin sərhədlərinin pozulmaması və ərazi bütövlüyü məsələlərini nəzərdə tuturam. Bu elementlər, bu amillər yalnız ümumi məsələlərdən bir neçəsidir ki, hazırda Rumıniya və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə şərait yaradır. Bu amillər sayəsində bir tərəfdən, iqtisadi, siyasi əlaqələr, digər tərəfdən siyasi xadimlər arasında bir-birinə olan inam ölkələr arasındakı münasibətlərin daha da inkişafına səbəb olur. Bu baxımdan, cənab Prezident, mən Sizə dərin təşəkkürümü bildirirəm.