Rusiya Baykonur kosmodromu layihəsinə Türkiyənin də əlavə edilməsini istəyir
Bakı, 18 sentyabr, AZƏRTAC
Rusiyanın “Roskosmos” təşkilatının baş direktoru Dmitri Roqozin Baykonur kosmodromundan birgə istifadə edilməsi barədə Qazaxıstan-Rusiya birgə layihəsinə Türkiyənin də əlavə edilməsini təklif edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, D.Roqozin deyib: “Roskosmos” öz aparatlarını kosmosa göndərmək istəyən Türkiyəyə raketlər verməyə hazırdır. Həm də bu aparatların fəzaya buraxılmasını Türkiyə ərazisindən həyata keçirmək vacib deyil. Bunun yerinə Rusiya, Qazaxıstan və Türkiyə Baykonur kosmodromunun unikal infrastrukturundan birgə istifadə edə bilərlər. Həmin raketlərin buraxılışında Türkiyə aparatların sahibi, Rusiya onu texnologiyalarla təmin edən, Qazaxıstan isə unikal kosmik meydanı onun sərəncamına verən ölkə kimi çıxış edəcəklər. Düşünürəm ki, bu, yaxşı perspektivi olan təklifdir”.
D.Roqozin əlavə edib ki, Qazaxıstan həm Türkiyə, həm də Rusiya üçün yaxın olan türkdilli ölkədir. O əlavə edib ki, artıq qazax həmkarları ilə bununla bağlı müzakirələr aparıb və Türkiyə öz raket texnologiyalarını yaratmaq zərurəti hiss edərsə, onda Rusiya tərəfi onu mühərriklər və digər texnologiyalar ilə təmin edə bilər. “Roskosmos”un rəhbəri bildirib ki, Rusiya Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Beynəlxalq Kosmik Stansiyaya uçacaq pilotların hazırlanmasında da Ankaraya kömək edə bilər. D.Roqozin hesab edir ki, həmin yubileydə ilk türk astronavtın kosmosa göndərilməsi əlamətdar hadisə ola bilər. D.Roqozin xataladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvadakı aviasiya texnologiyası sərgisində iştirakı çərçivəsində bütün bu məsələlər türkiyəli həmkarları ilə ətraflı müzakirə olunub. O, ümidvar olduğunu bildirib ki, tezliklə Rusiyanın təkliflərinə Ankaradan müsbət cavab gələcək.
“Roskosmos”un baş direktoru Rusiya özünün QLONASS naviqasiya texnologiyalarını da Türkiyə ərazisində yerləşdirə bilər. Onları satın alacaq türk rəsmi idarələri naviqasiya aparatlarından ölkənin aeroport və dəniz limanlarında geniş şəkildə istifadə edə bilərlər. Eyni zamanda, bu aparatları idarə edəcək türkiyəli mütəxəssislər də Rusiyanın müvafiq alim məktəblərində təhsilə cəlb ediləcək.
Xatırladaq ki, Türkiyə 2023-cü ildən etibarən astronavtların hazırlanması üzrə özünün xüsusi proqramını həyata keçirəcək və bu məqsədlə 6 milyard dollar vəsait ayıracaq. Ankara proqram çərçivəsində öz kosmodromunu da tikməyi nəzərdə tutur.