RUSİYA DÖVLƏT DUMASININ SƏDRİ BORİS QRIZLOVUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Dövlət dumasının sədri Xatirə kitabına ürək sözlərini yazmışdır: “Günahsız həlak olmuş insanların xatirəsi bizi dərindən kədərləndirir”.
X X X
Daha sonra cənab Boris Qrızlov Azərbaycana rəsmi səfərinin əsas məqsədləri barədə jurnalistlərin suallarına cavab verərək demişdir:
- Rusiya ilə Azərbaycan arasında sıx dostluq münasibətləri yaranmışdır. Elə indiki səfər də bu münasibətlərin inkişaf etdirilməsi çərçivəsində həyata keçirilir. Səfər parlamentlərarası qrupun Moskvada təşkil ediləcək iclası və Bakıda keçiriləcək iqtisadi forum ərəfəsində yerinə yetirilir. Sadəcə, iki parlament arasında münasibətlərə nisbətən bir qədər geniş səpkidə toxunacağımız məsələlər prezidentlərimizin Moskvada formalaşdırdığı məsələlərdən - ölkələrimiz arasında əmtəə dövriyyəsini iki dəfə artırmaq və onu bir milyard dollara çatdırmaq məsələlərindən ibarətdir.
Aydındır ki, iqtisadiyyat qanunvericiliyə əsaslanaraq inkişaf etməlidir. Qanunvericiliyi təkmilləşdirmək, qanunları elə bir səviyyəyə qaldırmaq gərəkdir ki, onlar ölkələrimizdə iqtisadiyyatın inkişafına təkan versin. Əlbəttə, biz müxtəlif sahələrdə münasibətlərin inkişafından da danışacağıq. Bildiyiniz kimi, cari il Olimpiya ilidir və buna görə də Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilə görüşdə biz bu barədə də söhbət edəcəyik. Nümayəndə heyətimizə Rusiya MOK-un vitse-prezidenti, Dövlət dumasının deputatı Kozlovski də daxildir. Bir sözlə, toxunacağımız məsələlərin dairəsi genişdir, lakin Azərbaycanda olacağımız müddət ərzində biz onları müzakirə etmək niyyətindəyik.
İndi Rusiyada təxminən iki milyon azərbaycanlı var, onlar Rusiya vətəndaşıdır, statusa malikdir və Rusiya vətəndaşları olaraq, RF qanunları ilə qorunurlar.