Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində TASİM layihəsi müzakirə edilib
Bakı, 25 fevral, AZƏRTAC
Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində Yüksək Sürətli Transavrasiya İnformasiya Magistralı (TASİM) layihəsi müzakirə edilib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, “Rostelekom” ASC, “Kompaniya TransTelekom” QSC və “MTS” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə bu layihənin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
TASİM layihəsinə əsasən, Qərbi Avropadan Şərqi Asiyaya qədər geniş məkanda yerləşən Avrasiya ölkələrini əhatə edən müasir magistral şəbəkə yaradılması nəzərdə tutulur. Çin ilə Avropa arasında telekommunikasiya tranzitinin Qazaxıstan, Azərbaycan və Türkiyə ərazisindən keçməsi planlaşdırılır. Xəzər dənizinin dibi ilə Qazaxıstan-Azərbaycan sualtı kabeli çəkilməsinin mümkünlüyü məsələsi də nəzərdən keçirilir.
Müşavirədə qeyd olunub ki, gələcəkdə Rusiyanın bu layihədə rolunun müzakirə edilməsi zəruridir.
Xatırladaq ki, Yüksək Sürətli Transavrasiya İnformasiya Magistralı (TASİM) layihəsi haqqında bəyannamə 2008-ci il noyabrın 11-də Bakıda nazirlər səviyyəsində keçirilmiş regional görüşdə qəbul edilib. 2009-cu ildə bu layihə Rabitə sahəsində Regional Birliyin Rabitə Administrasiyalarının Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə edilib. Layihənin iştirakçıları arasında mütəmadi görüşlər keçirilir. İndiyə qədər bir neçə saziş və niyyət memorandumu imzalanıb.