RUSİYADA AZƏRBAYCAN İLİ BAŞA ÇATMIŞDIR
Rusiya Dövlət Akademik Böyük Teatrının salonunda keçirilmiş təntənəli mərasimi Rusiyada Azərbaycan ilinin təşkilat komitəsinin həmsədrləri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Abbasov və Rusiya hökuməti sədrinin birinci müavini Dmitri Medvedyev açmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan ilinin Rusiyada uğurla keçirilməsi xalqlarımız arasında dostluğun və əməkdaşlığın getdikcə möhkəmlənməsinə, habelə mədəniyyətlərimizin yaxınlaşmasına xidmət etmişdir.
Dmitri Medvedyev bildirmişdir ki, tədbirin ümumi əhval-ruhiyyəsi 2005-ci ilin fevralında ölkələrimizin prezidentləri tərəfindən yaradılmışdı. O vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçirilmiş beynəlxalq iqtisadi forumda çıxışı böyük əks-səda doğurmuşdur. Azərbaycan Prezidentinin misal çəkdiyi rəqəmlər, nümunə gətirdiyi nəticələr toplaşanlarda böyük təəssürat oyatdı. Azərbaycanın dövlət başçısının səsləndirdiyi məlumatlar Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin inkişafı üçün yaxşı perspektiv kimi qiymətləndirilmişdir.
Rusiya hökumətinin nümayəndəsi bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan hökumətinin, Azərbaycan diasporunun, işgüzar dairələrin və ictimai təşkilatların dəstəyi olmadan Azərbaycan ili çərçivəsində tədbirlərin keçirilməsi mümkün deyildi. Rusiyada Azərbaycan ili estafetinin Azərbaycanda Rusiya ilinə ötürülməsi çox əlamətdar haldır. Tədbiri Bakıda Azərbaycan və Rusiya prezidentləri açacaqlar.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Abbasov bildirmişdir ki, il ərzində xeyli iş görülmüş, Rusiyanın bütün ərazisində tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycan ilə Rusiya arasında münasibətlərin dərinləşməsinə xidmət etmişdir.
Abbas Abbasov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən danışaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırmışdır. O demişdir: “Təməli Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev tərəfindən qoyulmuş bu xətti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin 2005-ci ildə 1 milyard ABŞ dollarına çatması əməkdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini qeyd etmişdir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədri Rusiyaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında böyük ümid bəsləyir. Ümidvarıq ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı, mehriban qonşusu və səmimi dostu olmaqla yanaşı, həm də həmişə ədalətin, ikitərəfli qardaşlıq və dostluq münasibətlərimizin tərəfində olacaqdır.
Rusiyada Azərbaycan ilinin təntənəli bağlanış mərasimi Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun “Eşq və ölüm” və yaxud “Ölümlə rəqs edən məhəbbət” baleti ilə başa çatmışdır. Dədə Qorqud dastanının motivləri əsasında səhnələşdirilmiş xoreoqrafik tamaşa rusiyalılar tərəfindən maraqla qarşılanmışdır. Tamaşaçılar müasir Azərbaycan baletini, misilsiz, qəlblərə yol tapan Azərbaycan musiqisini yüksək qiymətləndirmişlər. Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı artistlərinin ifasını sürəkli alqışlarla qarşılamışlar.
Rusiyada Azərbaycan ilinin bağlanış mərasimində Rusiya xarici işlər nazirinin birinci müavini V.Loşşinin, mədəniyyət və kinematoqrafiya üzrə Federal Agentliyin başçısı M.Şvıdkoy, MDB icraiyyə komitəsinin icraçı katibi V.Ruşaylo, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, habelə Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.