RUSİYALI MÜTƏXƏSSİS AZƏRBAYCANIN STOLÜSTÜ TENNİS MƏŞQÇİLƏRİ ÜÇÜN SEMİNARLAR KEÇİRİR
AZƏRTAC xəbər verir ki, avqustun 13-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında stolüstü tennis idmanı üzrə məşqçilərin hazırlanması və ixtisaslarının artırılması məqsədi ilə elmi-praktiki seminar keçirilmişdir.
Avropa Stolüstü Tennis Birliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə keçirilən seminarda ölkəmizdə idmanın bu növünün inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, kənd təsərrüfatı naziri İsmət Abasov ölkəmizdə ilk dəfə keçirilən seminarın əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, bu cür məşğələlər ölkədə ixtisaslı kadrların yetişməsində mühüm rol oynayacaqdır. Bu idman növünün regionlarda da inkişaf etdiriləyəcəyini deyən İ.Abasov artıq bu sahədə konkret işlər görüldüyünü, lazım olan avadanlığın alındığını bildirmişdir. Federasiyanın prezidenti onu da əlavə etmişdir ki, bəzi məşqçilərimiz Çində təcrübə keçərək ixtisaslarını və ustalıqlarını artırmışlar.
Tədbirdə çıxış edən Avropa Stolüstü Tennis Birliyinin nümayəndəsi, Avropa çempionu İrina Polina Azərbaycanda bu idman növünün populyarlaşması üçün münbit şəraitin olduğunu nəzərə çarpdırmışdır. Azərbaycanın stolüstü tennisçilərinin əvvəllər də beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr göstərdiyini söyləyən İrina Polina bu sahədə uğurların artırılması üçün respublikada uşaq idmanının inkişafına da qayğı ilə yanaşmağın vacibliyini qeyd etmişdir.
Daha sonra mövzu ətrafında müzakirələr aparılmış, məşqçilərin ixtisaslarının artırılması məqsədi ilə məşğələlər keçirilmişdir.
Seminar üç gün davam edəcəkdir.