Rusiyalı rejissor Tarix Muzeyində sənədli filmin çəkilişini aparıb
Bakı, 13 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində Rusiyanın “Rusiya-Mədəniyyət” telekanalının sifarişi ilə yeni layihə çərçivəsində sənədli filmin çəkilişləri aparılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, sənədli film muzeyin Arxeologiya fondunda qorunan Qafqaz Albaniyası ilə bağlı kolleksiyalardan bəhs edəcək. Çəkiliş zamanı Arxeologiya elmi fond şöbəsinin elmi işçisi Emin Məmmədov əsasən alban döyüşçüsünün silah-sursat toplusu, Mingəçevir arxeoloji kompleksindən xristianlığa aid tapıntılar (şamdan və alban yazıları olan qablar, xaçlar) haqqında məlumat verib.
Qeyd edək ki, sənədli filmin müəllifi və rejissoru Yevgeni Bezborodovdur.
Rusiyalı qonaqlar məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət ediblər.