Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov vəfat edib
Moskva, 23 dekabr, AZƏRTAC
Rusiyanın Azərbaycan diasporuna ağır itki üz verib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov uzunsürən xəstəlikdən sonra ömrünün 76-cı ilində dünyasını dəyişib.
Fazil Qurbanov 1944-cü ildə Bakıda anadan olub. O, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra Respublika Kliniki Uroloji Xəstəxanasında internatura keçib. O, müxtəlif illərdə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.A.Topçubaşovun cərrahlar qrupunun, Azərbaycan SSR Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisi, Azərbaycan Respublikası Elmlər Akademiyasının Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun böyük elmi işçisi, Azərbaycan Respublikasının Qastroenterologiya Elmi Tədqiqat İnstitutunda qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi şöbəsinin müdiri vəzifələrində çalışıb.
1999-cu ildə professor F.Qurbanov Moskvaya, Rusiya Federasiyası Yollar Nazirliyinin (indiki Rusiya Dəmir Yolları ASC) N.A.Semaşko adına 2 saylı Mərkəzi Kliniki Xəstəxanasının cərrahiyyə şöbəsinə müdir vəzifəsinə dəvət olunub və eyni zamanda, Rusiya Xalqlar Dostluğu Universitetinin hospital cərrahiyyəsi kafedrasının professoru vəzifəsinə seçilib.
2006-cı ildən 2013-cü ilədək F.Qurbanov hospital cərrahiyyəsi kafedrasının kliniki bazasında - Moskvadakı 17 saylı şəhər kliniki xəstəxanasında işləyib. 2014-cü ildə F.Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib, 2016-cı ildə ona “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” adı verilib. 2017-ci ildə F.Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
F.Qurbanovun 280-dən artıq elmi işi, o cümlədən 6 monoqrafiyası və tibbi profilli ali məktəblər üçün cərrahiyyə üzrə 2 dərsliyi nəşr edilib. O, 13 ixtira və 7 səmərələşdirmə təklifinin müəllifidir. F.Qurbanovun rəhbərliyi ilə 9 doktorluq və 17 namizədlik dissertasiyası müdafiə edilib.
Professor F.Qurbanov ictimai işlərə böyük diqqət ayırırdı. Burada əsas yeri Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi tutur. 2016-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qurultayında Fazil Qurbanov yekdilliklə bu təşkilatın prezidenti seçilib. 2017-ci ildə RF Ədliyyə Nazirliyinin qərarı ilə ÜAK ləğv edilib.
Lakin akademik F.Qurbanov Rusiyanın 70-dən artıq regional diaspor təşkilatını birləşdirən çoxmilyonlu Azərbaycan diasporunun rəhbəri kimi öz fəaliyyətini dayandırmayıb. Bu, Fazil Qurbanova xalq diplomatiyası çərçivəsində iqtisadiyyat, mədəniyyət və dövlətlərarası əlaqələr sahəsində Rusiya-Azərbaycan münasibətlərinin genişləndirilməsinin və dərinləşdirilməsinin çoxvektorlu səmərəli sistemini yaratmağa imkan verib.
Akademikin rəhbərliyi ilə Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası fəaliyyət göstərirdi. Azərbaycan diasporunun Rusiya Federasiyasının mədəni-hüquqi məkanına daxil olması texnologiyasının hazırlanması işinə böyük diqqət ayrılırdı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva