DÜNYA
Rusiyanın müsadirə olunmuş 136 aktivi Ukrayna dövlət mülkiyyəti fondunun idarəetməsinə verilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Ukraynanın hakimiyyət orqanları rusiyalılardan müsadirə edilən 136 aktivi dövlət mülkiyyəti fondunun idarəetməsinə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ukrayna dövlət mülkiyyəti fondu rəhbərinin müavini Lyudmila Daraqan “Rada” telekanalının efirində səsləndirib.
“Rusiyanın müsadirə edilən 136 aktivi hazırda fondun idarəçiliyindədir. Bunlara müxtəlif aktivlər, daşınan əmlak – avtomobillər, traktorlar, kombaynlar və daşınmaz əmlak – mənzillər, anbarlar, logistik obyektlər daxildir”, - deyə Lyudmila Daraqan bildirib. Onun sözlərinə görə, Ukrayna dövlət mülkiyyəti fondu həmin aktivləri ya icarəyə verməyi və ya özəlləşdirməyi planlaşdırır.
Ukrayna Təhlükəsizlik Xidmətinin bir müddət öncə yaydığı məlumata əsasən, 2022-2023-cü illər ərzində Rusiyanın 4 min kompaniyasına qarşı məhdudiyyətlərin tətbiq olunub və 5 milyard dollardan çox dəyərə malik aktivləri həbs edilib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksi Danilov Kiyevin ötən ilin fevralından bəri Rusiyanı və digər ölkələri təmsil edən 12 mindən çox fiziki və hüquqi subyektə qarşı sanksiyalar tətbiq etdiyini deyib.