Ruslan Əliyev: Yeni vəziyyət çoxşaxəli regional əməkdaşlığın inkişafı üçün geniş perspektivlər yaradır
Moskva, 9 dekabr, AZƏRTAC
Mənim həyatımda, mənim xalqımın və bütün regionun həyatında böyük hadisə baş verib - 30 ilə yaxın davam etmiş Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Bu hadisə mənim qəlbimdə və milyonlarla həmvətənimin qəlbində ədalətə və sabahkı günə inam hissi oyadıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bu fikri Rusiya Ticarət-Sənaye Palatasında Azərbaycan Respublikasının RF-dəki Ticarət Nümayəndəliyinin Biznes klubunun və “Russian Business Guide” jurnalının iclası çərçivəsində təşkil olunmuş “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” forumundakı çıxışında bəyan edib.
Ruslan Əliyev deyib: “Münaqişənin başa çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin yüksək intellekti və sarsılmaz iradəsi, habelə Rusiya Federasiyasının və RF Prezidenti Vladimir Putinin səmimi vasitəçilik və sülhməramlı missiyası və səyləri həlledici rol oynayıb. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə də bu işə çox dəyərli töhfə verib. Yeni vəziyyət çoxşaxəli regional əməkdaşlığın inkişafı üçün geniş perspektivlər yaradır, ticarət nümayəndəliklərimizin qarşısında yeni vəzifələr qoyur”.
Ticarət nümayəndəsi vurğulayıb ki, 2019-cu ildə RF ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarından çox olub. Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 18 faiz artıqdır. 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 9 faizdən bir qədər çox olub. R.Əliyev deyib: “Bizim əsas vəzifəmiz ölkələrimizin liderləri tərəfindən yaradılmış əməkdaşlıq platformasına əsaslanaraq, ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin daha da inkişafına kömək etməkdir. Bu prosesə Rusiya Federasiyasının Azərbaycanla ikitərəfli ticari-iqtisadi münasibətləri olan regionlarının daha fəal cəlb edilməsi böyük potensiala malikdir”.
R.Əliyev “Made in Azerbaijan” brendinin Azərbaycan Ticarət Evi vasitəsilə Rusiya bazarında irəliləməsinin vacibliyini qeyd edib. Bu layihə çərçivəsində Rusiyada Azərbaycan məhsullarının ticarəti ilə məşğul olan bir sıra obyektlər artıq fəaliyyətə başlayıb.
Ticarət nümayəndəsi deyib: “Bizim səylərimizi cəmləşdirdiyimiz perspektivli istiqamətlər arasında şərab ixracının artırılmasına kömək və meyvə-tərəvəz məhsulları, digər perspektivli aqrar məhsullar, sənaye məhsulları ixracının artırılması üzrə tədbirlər planının qəbul edilməsi və Azərbaycanda müştərək istehsal müəssisələri yaradılması məsələləri var”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Ticarət-Sənaye Palatasının vitse-prezidenti Maksim Fateyev, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev və başqaları iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva