Sabah “GRE: General Test” imtahanı keçiriləcək
Bakı, 4 sentyabr, AZƏRTAC
Sabah Dövlət İmtahan Mərkəzi (DİM) ETS-in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı “GRE: General Test” imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanacaq. İmtahanda iştirak edəcək şəxslər saat 9:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar. İştirakçılar imtahana gələrkən, həmçinin “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd şagird tərəfindən imzalanır.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.