Sabirabadda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib
Sabirabad, 24 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair" Tədbirlər Planında nəzərdə tutulan ağacəkmə aksiyası həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin nümayəndələri, mədəniyyət könüllülərinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Sabirabad rayon nümayəndəsinin iştirak etdiyi aksiya çərçivəsində Sabirabad rayonu ərazisində yerləşən tarixi abidə olan “Hamam”ın, Şıxlar kəndində yerləşən “Baba Samid” türbəsinin ərazilərində, həmçinin Nizamikənd kənd Mədəniyyət evinin həyətində ucaldılmış Nizami Gəncəvinin heykəlinin ətrafında təmizlik-abadlıq işləri aparılıb, müxtəlif sayda ağac tingləri əkilib və suvarılıb.
Dahi şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, idarə tərəfindən həyata keçirilən ağacəkmə aksiyası şairin xatirəsinin bu kontekstdə yaddaqalan tədbirlə əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.