Sabirabadda şəhidlərin xatirəsinə ucaldılan abidə açılıb
Sabirabad, 21 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Karantin qaydalarına uyğun olaraq keçirilən tədbirdə şəhid ailələri, hərbçilər, Vətən müharibəsində iştirak edən gənclər, rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhidlər unudulmur” abidəsi Sabirabad rayonu Cavad kəndində şəhidlərin xatirəsinə inşa edilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qəhrəman oğulların igidliyindən söhbət açıblar.
Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümüz təmin edildi, şəhidlərimizin qisası alındı. Vurğulanıb ki, “Şəhidlər unudulmur” adlı abidə Cavad kəndindən və qonşu Yolçubəyli kəndindən olan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin simasında ümumən şəhidlərimizin əziz xatirəsinə ucaldılıb.
Qeyd edilib ki, bu gün daha bir əlamətdar gün şəhid Elgiz Abbaslının cənnətdəki ilk doğum günüdür və onun 23 yaşı tamam olur. Şəhidin xatirələri yada salınaraq qeyd edilib ki, Elgiz şəhid olmazdan bir neçə gün əvvəl cəbhədən dostları ilə telefon əlaqəsi yaradarkən bu sözləri deyib: “Əgər mən şəhid olaramsa, mənim nəşimi Azərbaycan Respublikasının Dövlət Himni ilə son mənzilə yola salarsınız”. Bu sözlərdən bir neçə gün sonra Elgiz şəhidlik zirvəsinə ucaldı.
Abidənin açılışında da Elgizin timsalında bütün şəhidlərimizin xatirəsinə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yeni açılan şəhidlər abidəsinin önünə gül çələngi və tər çiçəklər düzülüb. Şəhidlərimizin xatirəsi bir daha əziz tutularaq onların ruhuna dualar oxunub.
Qeyd edək ki, Sabirabad rayonundan Birinci Qarabağ müharibəsində 226 və İkinci Qarabağ müharibəsində isə 44 şəhid olub.