İQTİSADİYYAT
Sabirabadda suyun əkin sahələrinə itkisiz çatdırılması üçün hansı işlər görülür?
Bakı, 25 oktyabr, AZƏRTAC
Bu il Sabirabad rayonunda suvarma mövsümü uğurla başa çatıb, bəzi sahələrdə isə davam edir. Rayonda əkilən 12 min hektardan artıq pambıq sahəsinin suvarılması təqribən 3 dəfə aparılıb. O cümlədən taxıl və digər kənd təsərrüfatı bitkiləri də normalara uyğun olaraq suvarılıb.
AZƏRTAC xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib. O qeyd edib ki, Sabirabad Suvarma Sistemləri İdarəsi rayon ərazisində xidməti sahəsində olan bütün istiqamətlərdə meliorativ tədbirlərini davam etdirir. Hazırda bir-neçə torpaq məcralı kanalın lildən təmizlənməsi işləri həyata keçirilir. Görülən işlər nəticəsində suvarma suyunun maneəsiz axını təmin olunur, su əkin sahələrinə itkisiz olaraq çatdırılır. Su itkisinin qarşısının alınması istiqamətində idarə tərəfindən bu il Qəfər arxının beton üzlüyə alınması nəzərdə tutulub. Növbəti ildə isə daha 3 kanalın betonlanması nəzərdə tutulur.
Sabirabad Suvarma Sistemləri İdarəsinin balansında ümumi uzunluğu 2 min 300 km-dən uzun olan suvarma kanalları, 3 min 300 km-dən artıq isə kollektor-dren şəbəkəsi mövcuddur. Hazırda balansda olan bütün nasos stansiyaların sazlığına diqqət yetirilir və fəaliyyətləri tam təmin olunur.
Qeyd edək ki, 67 min hektardan artıq əkin sahəsinə xidmət edən Sabirabad Suvarma Sistemləri İdarəsi rayon ərazisində əkilən taxıl, pambıq, yonca, çoxillik bitkilər, bostan-tərəvəz və dənlik qarğıdalı sahələrinin suvarılması ilə məşğul olur.